Travmatik hadisələr yaşayanların bu xəstəliyə tutulma riski artır

  • 2024.05.20 17:11
  • 623 Baxış
Travmatik hadisələr yaşayanların  bu xəstəliyə tutulma riski artır
Tədqiqatlar göstərir ki, qorxulu və travmatik anlar təkcə stres yaratmır, həm də Alzheimer xəstəliyinə tutulma riskini artıra bilər.

Medicina.az xəbər verir ki, elm adamları gənc yaşda boşanma və ya yaxınını itirmək kimi travmatik təcrübələr yaşayanlarda bu cür hallarla qarşılaşmayan və ya bundan təsirlənməyən insanlardan daha çox xəstəlik əlamətləri müşahidə olunduğunu müəyyən ediblər.

İştirakçıların onurğa beyni mayesindən götürülən nümunələr tədqiq edildikdə, həddən artıq stres keçirən insanların orqanizmində stres keçirməyənlərə nisbətən Alzheimer xəstəliyi ilə əlaqəli zülal növlərinin daha çox olduğu aşkarlanıb. Bunun xüsusilə uşaqlıq və ya orta yaşda yaşanan stresli hadisələrlə əlaqəli olduğu bildirilib.

Uzun illər aparılan araşdırmalara və hazırda dünyada 44 milyon insanın Alzheimer xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, elm adamları hələ də xəstəliyin dəqiq səbəbini müəyyən edə bilmirlər. Xəstəliyin inkişafında genetika və ətraf mühit faktorlarının rol oynaya biləcəyinə dair sübutlar var.

Tədqiqatçılar bildirirlər ki, Alzheimer xəstəliyində orqanizm təbii olaraq istehsal etdiyi amiloid və tau zülallarını daha çox istehsal etməyə başlayır.

Kolumbiya Universiteti tərəfindən 2018-ci ildə 1 016 xəstə üzərində aparılan araşdırma onurğa beyni mayesindən götürülən nümunələrin Alzheimer xəstəliyini aşkar etmək üçün dəqiq bir yol ola biləcəyini göstərmişdi. İspan tədqiqatçılarının apardığı və Amerika Nevroloji Dərnəyinin “Annals of Neurology” jurnalında dərc edilən yeni bir araşdırma 1 290 iştirakçının onurğa beyni mayesindən götürülən nümunələri təhlil etdi və aşkarladı ki, erkən və ya orta yaşlarında stresli bir hadisə ilə qarşılaşan insanlarda daha yüksək miqdarda amiloid və tau var.

Mançester Metropolitan Universitetinin psixologiya üzrə baş müəllimi Kerol Apdibik deyir ki, stresli həyat insanı qocalıqda demensiya riski ilə üzləşdirir.

Tədqiqatçılar vurğulayırlar ki, hələ də əlavə tədqiqatlara ehtiyac var. Buna baxmayaraq, onlar gələcəkdə erkən müdaxilənin təsirli yollarını tapmağa və hətta demensiya və Alzheimera tutulan insan sayını azaltmağa nail ola biləcəklərini düşünürlər.


Aysel