Yeni araşdırmanın nəticələri təəccübləndirdi: yuxu yox, idman faydalı imiş...

  • 2024.05.14 15:59
  • 652 Baxış
Yeni araşdırmanın nəticələri təəccübləndirdi:  yuxu yox, idman faydalı imiş...
London İmperial Kollecinin araşdırmasına görə, beyindən toksinləri təmizləməkdə indiyə kimi bilinənin əksinə, yuxu yox, idman daha təsirlidir.

Medicina.az xəbər verir ki, yeni araşdırma insanların yuxuya ehtiyacının səbəbinin hələ də bir sirr olduğunu göstərir.

Elm adamları uzun müddətdir ki, beynin toksinləri və zərərli molekulları təmizləmək üçün yuxudan istifadə etdiyini düşünürdülər. Lakin London İmperial Kollecinin araşdırmaları fərqli nəticələr ortaya çıxardı.

Alimlər siçanlar üzərində apardıqları təcrübələr zamanı müəyyən etdilər ki, beyindəki toksinləri təmizləmə funksiyası yuxu və anesteziya zamanı yavaşlayır. İnsanlarda təsdiqlənməyə ehtiyac olsa da, bu nəticə yuxunun beyni təmizlədiyi və demensiya kimi xəstəliklərin qarşısını aldığına dair ümumi fikirlə ziddiyyət təşkil edir.

Tədqiqat qrupundan olan professor Bill Uisden deyir:

“Niyə yatdığımızla bağlı bir çox nəzəriyyə var, lakin bizim tapıntılarımız göstərir ki, toksinləri təmizləmək əsas səbəb olmaya bilər. Yenə də yuxunun çox vacib olduğunu inkar etmək olmaz".

Araşdırma, insanın oyaq və xüsusilə aktiv olduğu saatlarda beynin daha sürətli təmizləndiyinə diqqət çəkib. Tədqiqatçılar idmanın beyindəki toksinlərin təmizlənməsində çox təsirli olduğunu vurğulayıblar.

Araşdırmanın nəticələri “Nature Neuroscience” elmi jurnalında dərc olunub.


Aysel