Azərbaycan kardiologiyasında Əhməd Babayev imzası - Məşhur kardioloqun 70 illik yubileyidir

  • 2022.09.28 13:37
  • 17949 Baxış
Azərbaycan kardiologiyasında Əhməd Babayev imzası  - Məşhur kardioloqun 70 illik yubileyidir


Avropa Kardiologiya Cəmiyyətinin üzvü, tibb elmlər doktoru, professor, 20 il Kardiologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri olmuş, FAMAX beynəlxalq tibb şirkətinin qurucusu Əhməd Məhəmməd oğlu Babayevin 70 yaşı tamam olur.

Azərbaycanda kardiologiyasının inkişafında mühüm rolu olan professor Əhməd Babayev 28 sentyabr 1952-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. Tibb təhsilini 1974-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda tamamladıqdan sonra əmək fəaliyyətinə, 1976-ci ildə isə elmi fəaliyyətə başlayıb. 1982-ci ildə Moskva şəhərində elmi dissertasiyasını tamamlayıb müdafiə etdikdən sonra tibb elmləri namizədi elmi adına layiq görülüb.

1988-ci ilə qədər akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi kimi elmi çalışmalarını davam etdirib. Səhiyyə sahəsində ciddi uğurları olan Əhməd Babayev 1988-ci ildə açılan və ölkədə yeganə olan Respublika Diaqnostika Mərkəzinin yaranmasında iştirak edib və mərkəzin şöbə rəhbəri təyin edilib.

1995-ci ildə Bakı Baş Səhiyyə İdarəsinin tapşırığı ilə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasını açılışa hazırlayıb və onun ilk baş həkimi kimi fəaliyyət göstərib.

1997-2017-ci illərdə akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutun baş həkimi və Elmi Şurasının üzvü olaraq çalışıb. Bu müddətdə institutun fəaliyyətinin effektivliyini artıran yeni müayinə və müalicə üsullarının tətbiqini təşkil edib.

Professor Əhməd Babayev Azərbaycanda və xaricdə dərc olunan 100-ə yaxın elmi məqalənin, 2 monoqrafiya və Azərbaycanda ilk “Kardiologiya” dərsliyinin müəllifidir. Ölkəmizi Avropa Kardioloji Cəmiyyətinin konfranslarında təmsil edib, Azərbaycan Kardiologiya Cəmiyyətinin fəaliyyətində aktiv iştirak edib.

2017-ci ildən etibarən professor Əhməd Babayev təsisçi olduğu FAMAX Medical Tourism şirkətində baş tibb məsləhətçi kimi fəaliyyət göstərir. Türkiyədə müalicə məqsədilə müraciət edən xəstələrin tibbi sənədlərinə ilkin baxış aparan və onların müalicəsi üçün ən uyğun tibbi müəssisə və həkimi müəyyən edən analitika departamentinin baş məsləhətçisidir.



Medicina.az Elmi-Tədqiqat Kardiologiya İnstitutu əməkdaşlarının 20 il burada baş həkimi kimi çalışan dəyərli şəxsiyyət - professor Əhməd Babayevin yubileyi münasibətilə təəssüratlarını öyrənib. Birgə keçən 20 illik yolda Əhməd Babayev yaddaşlarda, ürəklərdə necə iz qoyub?




Fatma Alxasova
HR İnsan Resursları şöbəsinin müdiri:

"Mən 17 il Əhməd müəllimin rəhbərliyi altında işləmişəm. Əhməd müəllim dahi insandır. Onun qiymətini yanımızda olmadıqda, illər keçdikdən sonra daha dərindən hiss edirik.

Hər bir əməkdaşın ailəsində, həyatında Əhməd müəllimin rolu var. Elə insan yoxdur ki, o insana əl tutmasın. Onun kabinetinin qapısını döyəndə artıq hiss edirdi ki, gələn işçi nə istəyəcək, problemi nədir?

Onun bir gözəl xüsusiyyəti də var idi, insanı axıra kimi dinləyirdi. Sonra hər şeyi araşdırıb qərar verirdi. Hansısa səhvə yol verən əməkdaşın dərdini anlayırdı. Bilirdi ki işçinin nəsə problemi var, ona görə işində səhvə yol verib. Əhməd müəllim insanda həyat, yaşamaq eşqini alovlandırırdı. Mən ondan bir həyat dərsi götürmüşəm. Həmişə deyirdi ki, bacardığın qədər yaxşılıq et. Nə olursa-olsun, sən et.

Pandemiya, müharibə dönəmində məni qaynar yerlərə göndərirdilər, orda müəyyən işlər görəndə soruşurdular ki, sən bunları hardan bilirsən? Deyirdim, mən Əhməd Babayevin məktəbini keçmişəm. O, bizim həyat müəllimimiz olub. O insanın etdiyi yaxşılıqlar nəinki övladlarına, hələ 100 il də bundan sonra bütün nəslinə kömək olacaq. Mən buna əminəm. Biz ömür boyu ona alqış edəcəyik".





Rasim Cəfərov
tibb elmləri namizədi, böyük elmi işçi

"Əhməd müəllimin Azərbaycan kardiologiyası və Kardiologiya İnstitutunun inkişafında əməyi misilsizdir. Gənc kadrların yetişməsinə, təkmilləşməsinə, ixtisaslaşmasına dəyər verən insan idi. Buna nümunə özümü çəkə bilərəm. Mən Əhmədlidə poliklinikada çalışırdım. O məni instituta gətirdi, sonra reanimasiya həkimi keçməyimi təklif etdi.

Mənim ixtisaslaşmağımda, EXO-nu öyrənməyimdə, həkim kimi yetişməyimdə Əhməd müəllimin rolu əvəzsizdir. Əhməd müəllim baş həkim olduğu dövrdə institutda 2 reanimasiya şöbəsi var idi. Biri kəskin miokard infarkt xəstələri üçün, digəri ürək çatışmazlığı reanimasiyası. O, ikisini birləşdirib təxirəsalınmaz kardiologiya şöbəsi yaratdı, orda daha yüksək nəticələr əldə olundu. Ağır xəstələr daha çox qəbul edildi.

İnstitutda oksigen xətləri var idi, amma sıradan çıxmışdı, oksigen yox idi. O oksigen xətlərini çəkdi, xəstələrin oksigenlə təchizatı başladı. Bir çox həkimləri Mərkəzi Klinikaya EXO öyrənməyə göndərdi. O yenilikçi idi, çalışırdı ki, institutu sovet dövründən qalan çətin vəziyyətdən çıxarıb dəyişsin. Mən tibb üzrə fəlsəfə doktorluğumu da onun istiqaməti üzrə müdafiə etdim.

Mənim həyatımda atamdan sonra böyük rol oynayan 2 insan var: interna rəhbərim Süleyman müəllim, bir də Əhməd müəllim. Bu 3 insana mən sənətimi, uğurlarımı borcluyam. Əhməd müəllim kardiologiya institutunun əməkdaşları üçün bir mayakdır".





Tofiq Cahangirov
tibb elmləri doktoru, professor, elmi şöbə müdiri


"Əhməd müəllim peşəkar kardioloq, rəhbər, gözəl insandır, işlədiyi dövrdə çalışqanlığı, səmimiyyəti ilə kollektivin hörmətini qazandı. O, heç vaxt özünü kollektivdən ayırmadı. Bu, onun idarəetmədə bu ən böyük göstəricidir. Kollektivi bir ailə kimi birləşdirmişdi. Subordinasiya qaydalarına çox ciddi əməl edirdi. Elm adamları ilə işləmək bir qədər fərqlidir. O elmi dərəcəsi olan üzvlərlə həmişə subordinasiyanı gözləyirdi. Elmi praktik fəaliyyətində bir sıra uğurları olub. Gözəl ailə başçısıdır. Əhməd müəllimi yubileyi münasibətilə təbrik edir, can sağlığı və uğurlar arzulayırıq".




Nazim Abdullayev
tibb elmləri doktoru, elmi şöbə rəhbəri

"Əhməd müəllim çox vəfalı dost, böyük insandır. Əsl kişidir. İşini bilən səhiyyə təşkilatçısı kimi səhiyyə tarixində öz izini qoydu. Amma mənim üçün əsas vəfalı dostdur, həmişə də elə qalacaq.

Onun baş həkim olduğu dövrdə işdə gərginlik yox idi. Hamı bir-birinə hörmətlə yanaşırdı.
O bir kişi kimi hamı ilə bərabər davranırdı, heç kimə qarşı çıxmırdı, ayrı-seçkilik yox idi.
Hər bir məsələyə şəxsən qulaq asardı, ondan sonra həll edərdi".





Təvəkkül Yusifov
tibb elmləri namizədi, reanimasiya şöbəsinin müdiri

"Əhməd müəllim böyük bir instituta rəhbərlik üçün fitri istedada malik idi. O, hər kəslə dil tapırdı: istər professoru, istər həkimi, istər xadiməsi ilə. Onların problemlərini həll etmək, hər kəsə öz dəyərini vermək qabiliyyəti var idi.

Mən işlədiyim dövrdə ondan ancaq xoş münasibət görmüşəm, nə vaxt müraciət etmişəm, problemimizi həll edib. Kimin nəyə ehtyacı varsa, bütün imkanlarını səfərbər edib həll edirdi.

Onlar ailəlikcə dövlətə xidmət edən, ali ziyalı, yüksək səviyyəli insanlar olub. Hər bir məclisdə özünü o qədər sadə aparardı, adam inanmazdı ki, müəssisənin baş həkimidir.
Onun yubiley yaşını bütün kollektiv sevinclə qarşılayır. Əhməd müəllim bizə həmişə gərəkli insandır".



Lətafət Eyvazova
Qəbul şöbəsinin müdiri:

"Əhməd Babayev misilsiz insandır, onun haqqında çoxlu xoş sözlər demək olar.
Heç kəsin xətrinə dəyməyib, əlindən gələn yaxşılıqları edib. Elə insanlar tək-tək doğulur. İşçinin, xəstənin qayğısına qalır, öz ixtiyarında olmayan işlərdə kiməsə zəng edib, xahiş edərdi.

Əhməd müəllimin inkişaf yolu da institutdan başlayıb. Əvvəl aspiranturada, sonra şöbədə çalışıb, özü öz zəhməti ilə yüksəlib.
Rəhbərliyi dövründə Qarabağ veteranları, şəhid ailələrinin müalicəsi, əməliyyatlarını təmənnasız etdirirdi, xəstəxanalara zəng vurub tapşırırdı.

Savadlı gəncləri instituta cəlb edirdi, irəli çəkirdi, azı 15 gənc işçini gətirdi.
Onların elmi işlərinə kömək etdi. Şöbəmizin adından Əhməd müəllimi təbrik edirik, ona can sağlığı və uzun ömür arzulayırıq".



Sevil Hacıyeva
Laboratoriya şöbəsinin müdiri

"Əhməd müəllim barədə o qədər yaxşı xatirələr danışmaq olar ki... O unudulmaz bir insandır. Bir rəhbər kimi bizə daim düz yol göstərib, həmişə həkimlərin arxasında durub.

Tibbdə belə bir deyim var, "pasiyent həmişə haqlıdır". Bilirsiz, bəzən həkimlər ədalətsiz olaraq günahlandırılırdı. Amma Əhməd müəllim bizim arxamızda durub, heç vaxt bizi ayağa verməyib. O, qeyri-adi insandır. Onun yanına girən insan saatlarla çıxmırdı.
Dindən tutmuş ədəbiyyata, elmə kimi hər şeydən danışırdı. Mömin insandır, Həcc ziyarətində olub.
İnstituta rəhbərliyi dövründə bizim laboratoriyada o dövr üçün vacib bir yenilik etdi.

Kreatin kenaza MB adlı infarkt xəstələri üçün vacib olan analizi təşkil etdi. Bu da ürək xəstəlikləri üçün əsas analiz müayinəsi idi. O dövrdə önəmli idi. O vaxt bu qədər özəl klinika, laboratoriyalar yox idi. O avadanlıqları, reaktivləri gətirdi. O analizdən sonra artıq təkcə EKQ ilə yox, həm də bu üsulla infakrtı erkən təyin edirdik. Müalicədə çox kömək oldu. İnfarktın qarşısı alındı, xeyli xəstələr xilas olundu. O, həmişə bizim ağsaqqalımız, böyüyümüzdür".



Medicina.az olaraq, FAMAX Medical Tourism-in və Elmi Tədqiqat Kardiologiya İnstitutu kollektivlərinin tibb elmləri doktoru, professor Əhməd Babayevin 70 illik yubileyi münasibətilə təbriklərinə qoşulur, ona can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzu edirik.

Aygün Musayeva
Medicina.az