"Azərbaycana kök hüceyrənin müalicəsində analoqu olmayan laboratoriya gətirilir" – Sevinc Heydərova - MÜSAHİBƏ

  • 2020.09.16 17:29
  • 8103 Baxış
"Azərbaycana kök hüceyrənin müalicəsində analoqu olmayan laboratoriya gətirilir"  – Sevinc Heydərova  - MÜSAHİBƏ
Son zamanlar ölkəmizdə kök hüceyrə ilə müalicədən yararlananlar çoxluq təşkil edir. Bu cür müalicədən xəbərdar olan hər kəs təhlükəsiz, əməliyyatsız şəkildə ağrılardan xilas olmaq məqsədilə kök hüceyrə tətbiqindən yararlanır.

Amma təəssüf ki, bu sahədə işinin peşəkarı olanlar azlıq təşkil edir. Medicina.az olaraq bu və digər məsələləri kök hüceyrə müalicəsini ölkəmizdə ilk dəfə tətbiq edən, həkim-nevroloq, regenerativ tibb mütəxəssisi, kök hüceyrə uzmanı, dr. Sevinc Heydərova ilə müzakirə etdik.

11 illik iş təcrübəsinə sahib, bununla bağlı təhsilini Türkiyədə almış həkim-nevroloq, regenerativ tibb mütəxəssisi bildirdi ki, Azərbaycanda bu sahədə daha bir ilkə imza atmağa hazırlaşırlar. Ölkəmizə kök hüceyrə ilə bağlı analoqu olmayan laboratoriya gətirilir.

Elə ilk sualımız da bu laboratoriya ilə bağlı oldu:

- Sevinc xanım, ölkəmizdə analoqu olmayan bu laboratoriyanın fəaliyyəti nədən ibarət olacaq?
- Bizdə 2 ildir ki, regenerativ tibb - kök hüceyrə laboratoriyası qurulub. Bu laboratoriyada oynaq, onurğa xəstəlikləri, üz və əllərin cavanlaşdırılması, çapıq, yanıq izlərinin yox edilməsi, saçın müalicəsi və s. kimi xidmətlər göstərilir. Bu müalicələrin nəticələri isə çox effektivdir. Xəstələrimiz də razılıq edir. İndi isə xidmət sahəmizi daha da genişləndirməyə çalışırıq. Azərbaycanda ilk dəfə analoqu olmayan laboratoriya bizim mərkəzdə qurulacaq. Bunun sayəsində sadaladığım xəstəliklərlə birgə, çarəsi tapılmayan xəstəliklər də öz həllini tapacaq. Belə bir laboratoriya Azərbaycanda yoxdur. Türkiyənin özündə də yalnız 1 yerdədir və çox bahalı laboratoriyadır. İnsanlar bu müalicəyə görə başqa ölkələrə gedirlər. Artıq buna ehtiyac qalmayacaq, öz ölkəmizdə tam professional şəkildə, effektli və sərfəli müalicə alacaqlar.

- Laboratoriyanı Azərbaycana nə zaman gətirəcəyiniz ilə bağlı məlumat var?
- Qısa zamanda olacaq. Gəldiyi zaman açıqlanacaq.

- Digər kök hüceyrə müalicələri ilə bunun arasında qiymət fərqi olacaqmı?
- Təbii. İndiki oynaq müalicəsindən, cavanlaşmadan daha baha qiymətə olacaq. Çünki bu laboratoriya sayəsində hüceyrələrin çoxaldılması, venadaxili yeridilmə və s. bir çox tətbiqlər mümkündür. Qiymətlərin fərqlənməsi normaldır.

- “Çarəsi tapılmayan xəstəliklərin də müalicəsində istifadə olunacaq” dediniz. Kök hüceyrə onkologiyada hansı formada tətbiq olunur?
- Bəzi onkoloji xəstəliklərdə tətbiq edilə bilər. Bu hüceyrələrin xərçəng xəstəliyinin həm müalicəsi, həm də müayinəsində xüsusi rolu var. Aparılan araşdırmalara görə, xərçəng kök hüceyrələri dərman müalicəsinə olan rezistentliyə cavabdeh hüceyrələrdir və müalicə zamanı bu hüceyrələrlə mübarizə terapiyanın effektivliyini dəfələrlə artıra bilər. Bizim gətirdiyimiz laboratoriyada da bu mümkün olacaq.

- Sizin mərkəz digərlərindən nə ilə fərqlənir?
- Bizim rəqibimiz yoxdur. Çünki bu sahə üzrə doğru-düzgün mərkəz qurulmayıb. Doğrudur, reklamları güclü olan mərkəzlər var, amma söhbət işə gəldikdə məlum olur ki, rəqibimiz ola biləcək gücdə deyillər.

- Kök hüceyrə ilə bağlı təhsil almayan, amma tələbatın çox olduğunu görüb bu sahəyə gələn həkimlər də var. Bunun haqqında nə düşünürsünüz?
- Bu insanlara qarşı münasibətim həddindən artıq pisdir. Elə mənim də məqsədim insanları bu istiqamətdə maarifləndirməkdir. Çünki tibbi savadı olmayan insanlar nəyin doğru, nəyin yanlış seçim olduğunu ayırd edə bilmirlər. Xüsusi ilə də televiziya sahəsində tanınmış aparıcıların reklam etdiyi insanlara güvənən pasiyentlər daha çox aldanırlar. Bunu anlamaq lazımdır ki, TV aparıcıları həkim deyillər və tibbi savadları yoxdur. O təqdimatlar sadəcə reklam xarakterlidir. Bizim insanların isə həkim seçmək problemləri var. İndi əsas məqsədlərimizdən biri də insanları öyrətməkdir. Biz Türkiyədə kök hüceyrə məktəbini oxumuşuq. Bununla bağlı beynəlxalq cəmiyyətin üzvü, Azərbaycanda isə nümayəndəsiyik. İndi pandemiya dövrüdür, amma bu sahədə elmi konfranslar olub. Kök hüceyrə ilə bağlı məqalələr oxuyub, paylaşırdıq. Xəstələrlə bağlı öz nəticələrimizi yayımlayırıq. Dediyim odur ki, biz bu işi elmi şəkildə görürük. Amma təəssüflər olsun ki, bəzi insanlar daha rahat yol axtarırlar. Türkiyənin özündə də var bu proses. Belə “həkimlər” kök hüceyrə etmir, sadəcə kommersiya məqsədi güdürlər. Yağ alırlar, durulaşdırırlar, kimisi yağdakı qanlı mayeni vurur, kimisi qandan plazma alır, bunu da kök hüceyrə adlandırır. Bunlar sadəcə insanları aldatmaq üçündür və insanlar da diqqət etmirlər. Çünki qiyməti çox münasib qoyurlar. Əksəriyyət də buna aldanır.

- Bəs pasiyentlər belə həkimləri necə ayırd edə bilərlər?
- Bəzən düzgün kök hüceyrə etməyən “həkim” elə qiymət qoyur ki, insanlar düşünür, yəqin bunda daha yaxşıdır, ona görə bu qiyməti qoyub. Bizdə kök hüceyrə çox ucuz ola bilmir. Çünki bu, ucuz müalicə deyil. Əgər insanlar aşağı qiymət görsələr inanmasınlar, aldanmasınlar. Kök hüceyrə müalicəsinin baha olması həkimin heç də həmişə onu yaxşı bacardığı anlamına gəlmir. Bizdə həm nəticə yaxşıdır, həm laboratoriyamız keyfiyyətlidir. Qiymət olaraq da çox sərfəlidir.

- Kök hüceyrə müalicəsində əsas önəmli faktor nədir?
- Hüceyrəni canlı almaq çox önəmlidir. Bizim mərkəzdə 96 faiz hüceyrə canlılığı var. Siz onu canlı almasanız, zədələnmiş hüceyrələr heç bir fayda verməyəcək. Bunlar hamısı çox önəmli nüanslardır. Hüceyrə sayı önəmlidir. Ancaq təəssüf ki, bu dəqiqə Azərbaycanda bunları bilən az sayda mütəxəssis var. Hətta plastik cərrahlar arasında da dolğunu kök hüceyrə adı ilə ediənlər az deyil. Onlar düşünür ki, bu yağın içində kök hüceyrə var. Amma vurduğunuz yağın içərisində kök hüceyrə aktiv şəkildə deyil. Onun sayı da çox azdır. İstərdim ki, insanlar aldadılmasın. Hər kəs bunu oxuyub, bu işi görə bilər. Amma doğru rəqabət olmalıdır. Mən sağlam rəqabətə hər zaman varam.

- Kök hüceyrə tətbiqindən ən çox qorxan şəkər xəstələridir. Bu, onlar üçün çoxmu təhlükəlidir?
- Şəkər geniş yayılmış xəstəlikdir. Azərbayanda da xəstələrin əksəriyyətində bununla rastlaşa bilirik. Təhlükəlidir deməzdim, biz şəkər xəstələrinə də kök hüceyrə tətbiq etmişik. Nəticələrini görüblər və uğurlu alınıb. Yeni quracağımız laboratoriyada da şəkərli diabet xəstələrinin müalicəsində kök hüceyrə tətbiq ediləcək. Kök hüceyrənin müalicəvi tərəfləri də var.

- Kök hüceyrənin sonrakı mərhələlərdə diabet xəstələri üçün hansısa təhlükəsi varmı?
- Kök hüceyrələr müxtəlif olur. Döldən, embriondan alınan kök hüceyrələr təhlükəli hesab oluna bilər. Çünki bunlar xərçəng riski ola bilən hüceyrələrdir. Bizim mərkəzdə edilən kök hüceyrənin üstünlüyü odur ki, həmin xəstələrdə allergik reaksiya vermir. Xəstənin öz hüceyrəsi olur və bu, onun genetikasına, xromosomlarına uyğundur. İmmun reaksiya vermir, xərçəng yaratmır, həmçinin qısa zamanda tətbiq edilə bilir. Bu proses mütəxəssis tərəfindən düzgün laboratoriya şəraitində professional xidmət və sərfəli qiymətlə həyata keçirilir.
Həkimlə əlaqə: 050-309-77-87



Ləman Hüseynzadə