Azərbaycanda dördüncü dalğa təhlükəsi var - TƏBİB rəsmisi

  • 25 İyn 2021 14:52
  • 7090 Baxış
Azərbaycanda dördüncü dalğa təhlükəsi var   - TƏBİB rəsmisi


2020 Azərbaycan xalqı üçün çətin il oldu. Sadəcə Azərbaycan üçün deyil, bütün dünya ölkələrinin səhiyyə sisteminin üzərinə böyük bir yük düşdü. Səhiyyə sistemi inkişaf edən ölkələr belə, bu bəlanın qarşısında aciz qaldı. Təəssüf ki, pandemiya 2021-də də davam edir. Çünki koronavirus çox sürətlə yayılan bir xəstəlikdir.

Medicina.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi karantin tədbirləri sayəsində xəstəliyi lokallaşdırmaq mümkün olub: “Eyni zamanda başqa ölkələrin təcrübəsindən istifadə olundu. Qısa zaman ərzində modul tipli yeni xəstəxanalar quraşdırıldı, tibbi avadanlıqlarla təchiz olundu. Həkimlər də qısa müddətdə xəstəliyin müalicəsi ilə bağlı geniş məlumatlar əldə etməyə çalışdı. Bildiyimiz kimi, koronavirus yeni xəstəlikdir. Məlum oldu ki, bəzi dərmanların zərəri faydasından çoxdur. Yenilikləri daim təqib etmək, həm yeni müalicələri sınaqdan keçirmək, həm də xəstələri daim nəzarətdə saxlamaq asan deyildi. Azərbaycan həkimləri bu işin öhdəsindən gələ bildi. İtkilərimiz də oldu, amma bu itkilər inkişaf etmiş ölkələrin səhiyyəsindən çox fərqlənmirdi”.

Həkimin sözlərinə görə, ötən illə müqayisədə vaksinasiya hesabına xəstəliyin yayılmasının qarşısının alınmasında çox böyük irəliləyişlər əldə olunub:

“Azərbaycana 4 növ peyvənd gətirilib. Ümumiyyətlə, koronavirusa qarşı peyvəndlərin istifadəsində ilk ölkələr siyahısına Azərbaycan da daxildir. Artıq insanlar peyvəndlənmə prosesinə daha müsbət yanaşmağa başlayıb. 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. “Sinovac” inaktivləşdirilmiş daha təhlükəsiz peyvənddir. “Pfizer” isə yeni texnologiyalar əsasında hazırlanıb. Onun qoruyuculuğu daha yüksəkdir. “Sputnik” və “AstraZeneca” peyvəndlərinin də qoruyuculuğu 90 faizdən yuxarıdır. Hər hansı peyvəndi istifadə etməyimizdən asılı olmayaraq məqsədimiz eynidir. Nəticədə qoruyuculuq əldə edirik.

Yoluxma sayının azalmasını sadəcə vaksinasiyaya bağlamaq istəməzdim, təbii yolla yoluxub sağalan insanlarımız da kifayət qədərdir. Fərqində olmadan xəstəliyi keçirən və antitellər qazanan insanlar da var. İstənilən halda unutmaq olmaz ki, bu antitellər müvəqqətidir. İstər vaksinasiya, istərsə də xəstəlikdən 6 ay sonra antitellər tükənirlər. Mutasiyaya uğramaq qabiliyyəti bunlarda yüksək olduğuna görə, vaksinasiya prosesi gələcəkdə təkrarlana bilər.

Dördüncü dalğa ehtimalı istisna olunmur, çünki virus tamamilə aradan qalxmayıb, ehtiyatı əldən verməməliyik, vaksinasiya işlərini sürətləndirə bilərik. Cəmiyyətin 60-70 faizində qoruyuculuq yaranarsa, o zaman dördüncü dalğanı hər hansı ciddi qapanmalara ehtiyac duymadan daha yüngül formada keçirə bilərik. Pandemiya bütün dünyada bitmədikcə qələbə qazandığımızı deyə bilmərik”.