Azərbaycanda evdə ölən şəxslərin meyitindən kovid testi götürülür - TƏBİB-DƏN AÇIQLAMA

  • 2022.02.16 16:15
  • 2734 Baxış
Azərbaycanda evdə ölən şəxslərin meyitindən kovid testi götürülür -  TƏBİB-DƏN AÇIQLAMA
Ötən həftə Binəqədi rayonunda evində vəfat edən ağır onkoloji xəstənin üzərinə çağırılan təcili yardım briqadası meyitə baxış keçirib ölümü təsdiqləmə aktı zamanı, meyitin burnundan PCR testi götürüb. Ailə ilk başda bunun niyə edildiyinin fərqinə varmır.

Dəfndən 3 gün sonra onların telefonuna Təbibdən ölən şəxsin testinin pozitiv çıxması və ailə üzvlərinin evi tərk etməməsi barədə mesaj gəlir. Bundan şoka düşən mərhumun bacısı ölüm sənədlərini almaq üçün poliklinikaya getdikdə, ölüm kağızında xərçənglə yanaşı Covid 19 yazıldığını görür.


Həkimə xəstənin koviddən yox, qida borusu xərçəngindən öldüyünü desə də onkoloq həkim “bilirik, amma öləndə kovid də olubmuş, bilməmisiz” cavabını verib.

Mərhumun ailəsi, bacısı buna etiraz etsələr də onları arxayın ediblər ki, sənəddə kovid yazılması onun koviddən ölməsi anlamına gəlmir və heç bir şeyi dəyişmir.

Biz Binəqədi qəsəbə təcili yardım stansiyasının həkimlərindən məsələni soruşduqda, onlar evlərdə rəhmətə gedən hər bir kəsdən göstərişə əsasən kovid yaxması götürdüklərini bildirdilər. Bir çox xəstələrdə cavab neqativ də çıxa bilir.

Medicina.az məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərib.

Həqiqətənmi bütün evdə ölən şəxslər kovidə görə test olunur? Olunursa, bunun əhəmiyyəti nədir?

TƏBİB-dən evdə ölənlərin meyitlərinin kovidə görə müayinə olunması təsdiqlənib.

“PCR testinin götürülməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə götürülür və həmin şəxsdə Kovid olub-olmamasını müəyyənləşdirmək üçündür.

Ölüm vərəqində həm xəstənin əsas diaqnozu, həm yanaşı diaqnozu, həm də həmin vaxt üçün kovid virusu olub-olmaması yer alır.

Koronavirus həmin şəxsin sənədində ölüm səbəbi kimi qeyd olunmur”.

Hazırda pandemiya və karantin şəraiti olduqda evdə ağırlaşan xəstələrin də yanaşı olaraq kovidə yoluxub-yoluxmaması aydınlaşdırılır.


Çünki bəzən xəstə və ailə üzvləri kovidə yoluxduqlarını bilmir, xəstə başqa səbəbdən xəstə olsa da kovid onun vəziyyətini ağırlaşdırır və xəstə ağır vəziyyətdə olduğundan ailə kovidə yoluxa biləcəyini ehtimal etmir.

MEDİCİNA.AZ