Azərbaycanda gəlinlər qaynanaların diktəsi ilə doğur - Məşhur ginekoloq

  • 2022.08.02 14:32
  • 2235 Baxış
Azərbaycanda gəlinlər qaynanaların diktəsi ilə doğur   - Məşhur ginekoloq

“Azərbaycanda uşağın cinsinə görə ayrı-seçkilik mövcuddur. Uşağın cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. Ondan sonra abort qadağandır”.


Bunu Bakupost.az -a açıqlamasında mama-ginekoloq, uzman həkim Rəşad Sultan deyib.

O, Azərbaycanın selektiv aborta görə dünyada birinci yerdə olmasına münasibət bildirib:

“Abort etmirəm və bu, ətrafımdakı həmkarlarımda da çox gördüyüm bir şey deyil. Amma Bakıda belə bir şeyin olmadığını demək yalan olar. Hətta cinsiyyət müəyyənləşdirən süni mayalanma proseduraları var. Rüşeymləri ana bətninə qoymamışdan qabaq cinsiyyətinə baxırlar, oğlanları ana bətninə qoyur, qızları isə bir qırağa atırlar. Beləliklə, ana oğlan övladı sahibi olur. Bu, abort olmasa da, qanunun icazə vermədiyi bir şeydir. Son zamanlarda elə analizlər var, qiyməti 600-700 manatdır, onlar vasitəsilə uşağın cinsiyyətini 8-9-cu həftələrdə müəyyənləşdirmək olur. Bu analiz ananın qanında dölün geninə baxaraq edilir. Biz bunu da etmirik”.

Ginekoloq abortların qarşısını almaq istiqamətində fikirlərini də qeyd edib:

“Əslində qanunda hər şey yazılıb. Lakin qanunlar hamısı icra edilmir. Qanunların icrası istiqamətində müəyyən işlər görülməldir. Bu, sadəcə maarifləndirmə ilə olan bir şey deyil. Statistikadan ziyadə işin etik tərəfi insanı narahat edir. Düşünürük ki, camaat Marsa uçur, biz hələ də belə şeylərlə məşğuluq”.

R.Sultan qeyd edib ki, məsələnin mentalitet tərəfi narahatlıq doğurur:

"Azərbaycanda həyat tərzi iki faktorla müəyyən olunur. Birincisi, mənim ürəyim nə istəyir, ikincisi camaat nə deyər? Kişilər qızlarını çox istəyirlər, bu faktdır. Lakin kişilər məclisdə "oğlum var" demək istəyirlər. "İki qızım var, oğlum yoxdur" deyəndə oğlu olanların yanında özlərini narahat hiss edirlər. Təbii ki, bu normal düşüncə tərzi deyil. Məhəllənin fikrinə görə davranmaq geri düşüncəli olmaqdır. Bu daha çox intellektin azlığı ilə əlaqələndirilən bir şeydir”.

Ginekoloq selektiv abortlara anaların və qayınanaların təsirindən də danışıb:

"Ümumiyyətlə, Azərbaycan cəmiyyətində analar və qayınanalar idarəedicidir. Onlar bircə maşına qarışmırlar. Evin rəngi, yerləşdiyi yer, yoldaşınla gəzməyə gediləcək məkan, saçın rənginə kimi müəyyən edirlər. Məsələnin kökü eyni yerə dayanır. Öz istəyilə deyil, cəmiyyətin, anaların, qayınanaların bizə diqtə etdiyi sterotiplərlə yaşayırıq. Öz istədiyimizə görə hərəkət etsək, bu məsələlər olmaz”.