Azərbaycanda hansı qan qrupu çətin tapılır?

  • 2022.06.14 18:21
  • 7609 Baxış
Azərbaycanda hansı qan qrupu çətin tapılır?

Bu gün 14 İyun - Ümumdünya Qan Donoru Günüdür. Qan bütün orqanizmin idarə olunmasında mühüm rol oynayır. Məhz buna görə də deyirlər ki, bəzi xəstəliklər qanla, nəsildən-nəslə keçir.

Bəs doğrudanmı, insanın qan qrupu hansısa xəstəliyə tutulma riskinin çoxluğundan xəbər verir? Bəzən dünyaya gələn uşaq nə ananın, nə atanın qan qrupuna uyğun qanı daşıyır. Bununla da “uşağımın damarlarında mənim qanım axır” ifadəsi ikinci plana keçir. Bunun əsas səbəbi nədir?

Medicina.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində Qan bankı və hematologiya şöbəsinin rəhbəri, həkim-hematoloq Səhər İsmayılova oxu.az- açıqlamasında mənfi, müsbət qan qruplarından hansının az olmasından danışıb.

"Təbii ki, mənfi rezuslu qan qruplarının tapılması çox çətin olur. Çünki insan populyasiyasında müsbət rezuslu qan qrupu daşıyıcılarının sayı mənfi rezuslu daşıyıcılardan çoxdur.

Mənfi rezuslu qan qruplarımız, demək olar ki, azdır. Bu cür xəstələr də, donorlar da digərlərinə nisbətən azdır. Bu gün qan ehtiyatı yığılan zaman (-)IV qan qrupunun tapılması çətin olur. Bu qrupda ciddi şəkildə çətinliklər yaranır.

Maraqlı bir məqamı da qeyd edim ki, məsələn, türk populyasiyası üçün hesablanan statistik nəticələrə görə, onlarda ikinci qan qrupunun daşıyıcıları daha çoxdur"