Azərbaycanda insanlar ruhi xəstəliyini qəbul etmir, psixiatrı təhqir edir – Psixiatrdan ŞOK

  • 2023.04.26 19:56
  • 1867 Baxış
Azərbaycanda insanlar ruhi xəstəliyini qəbul etmir, psixiatrı təhqir  edir  – Psixiatrdan ŞOK

Azərbaycanda insanlar ruhi xəstəliyini qəbul etmir, psixiatrı təhqir edir, müalicədən imtina edirlər

Ruhi xəstələr, internet, psixiatrik yardım haqqında qanunda boşluqlar var.


Ruhi xəstələr başqa xəstələrdən fərqli olaraq, xəstəliyin ağırlıq və ya yüngüllük dərəcəsindən asılı olmayaraq, real aləmin adekvat qavranılmasında tam və ya hissəvi olaraq çətinlik çəkirlər.

Yüngül xəstəliklərdə (nevrotik reestr) bu qavrama çox az pozulur, lakin arabir şiddətlənə də bilir, ağır xəstəliklərdə isə (psixotik reestr) adekvat qavrama tamamilə itir.

Xarici təəssürat kənardan baxan, qeyri-mütəxəssis insanlar üçün həmişə aldadıcıdır, sadə camaat demək olar ki, bütün hallarda ruhi xəstəni ətrafı dağıdan, özünü qeyri –adi, nəlayiq tərzdə aparan insan kimi təsəvvür edir, nəticədə demək olar ki, bütün hallarda xəstələrin daxildə keçirdikləri psixopatoloji hissiyyatlar qıraqdan baxanlar, xüsusən də xəstənin yaxın adamları üçün sezilməmiş qalır. Bu səbəbdən də nə xəstələr, nə də onların qohumları həkim-psixiatrların qoyduğu diaqnozlara inanmırlar, psixiatrla əsassız olaraq nadancasına mübahisə edirlər, hətta çox vaxt əsassız olaraq psixiatrları təhqir edirlər.


“Medicina” xəbər verir ki, psixiatr həkim Abdulla Şıxlinski Azərbaycanda psixiatrik müalicə və qanunlardakı boşluqların yaxın gələcəkdə ciddi fəlakətlər yaradacağını deyib.

“Əhalinin avam təbəqəsənin bəzi nümayəndələri “Mənim uşaqım dəli deyil, ona dəli damğası vurmayın, uşaq iki ali məktəb bitirib, elmi adları və titulları var” deyərək, qapını çırpıb psixiatrın otağından çıxır, yeni həkim axtarışı ilə məşğul olurlar, onlara yalançı “SAĞLAM” sözünü deyəcək həkim axtarır, lakin gələcəkdə necə dəhşətli problemlərlə üzləşəcəklərini anlamırlar .

Əhali arasında ən çox yayılmış bəla həkim-psixiatrla pedaqoji təhsil almış psixoloqların arasındakı fərqi bilməməkdir, psixoloqu səhvən həkim kimi qəbul edib onlara müraciət edirlər, psixoloqlar insanların nadanlığından istifadə edib xəstələrə diaqnoz qoyurlar, bəzən qohumların arzusu ilə xəstə adamı “Sağlam” elan edirlər. Əhalinin bu savadsız qisminə bildirmək istəyirəm ki, psixoloqun diaqnoz qoymaq, müalicə etmək hüququ yoxdur, psixoloq həkim deyil. Bir şeyi də əlavə edim ki, televiziyada verilən reklamlar biznes xarakteri daşıyır, bir qrup mütəxəssislərin, o cümlədən psixoloqların fırıldaq yolu ilə pul qazanması üçün bir vasitədir.

Bizim dövrdə hamı özünü həkim –psixiatr hesab edir, Ağcabədi rayonundan gəlmiş çoban, Ağdaşdan gəlmiş sağıçı həkim-psixiatrla mübahisə edir, ona hansı dərmanın necə yazılacağını öyrədir. İnternet çıxandan sonra insanlarda belə bir sayıqlama fikirləri yaranmışdır: adını yaza bilməyən küçə adamı internetə daxil olub bütün elmlərin sirlərindən xəbərdar olacaq.

Belə ağıldan zəif adamlar internetə daxil olaraq özlərinin və ya qohumlarının psixiatrik diaqnozları haqqında qeyri - müəyyən məlumatlar toplayır, onlara və qohumlarına yazılan dərmanlar haqqında mental patoloji qənaətlərə gəlirlər: faktiki olaraq bu adamlarda xüsusi əhəmiyyətli ideyalar və özünüböyütmə fikirləri meydana çıxır, bunlar bir anın içərisində internetin təsiri altında özlərini məşhur həkim, pedaqoq, müğənni, riyaziyyatçı, o cümlədən həkim-psixiatr hesab edirlər, rəqəmsal psixozun təsiri altında (Rusiya psixiatrları bu vəziyyətə rəqəmsal psixozu adını vermişlər) həkim-psixiatrın yanına gəlib “Bu dərman mənə düşmür, internetdə oxumuşam, bu dərman ziyanlıdır, siz səhv təyin etmisiniz, sizin qoyduğunuz diaqnoz internetdəki ilə düz gəlmir” deyərək, müalicə prosesini tamamilə pozmuş olurlar. Bəzən xəstələr və onların qohumları qonşularının, tanışlarının, cinçıxardanların fikrini həkim-psixiatrın fikrindən üstün tuturlar.


Tarixi psixiatriya təcrübəsi göstərir ki, ağır ruhi xəstələr həmişə həkim-psixiatrlara nifrət edirlər. Bu medalın görünməyən tərəfidir. Xəstələrdə psixiatrlara, onların təyin etdiyi dərmanlara, psixiatrların qoyduqları diaqnozlara, ümumiyyətlə bütün psixiatriyaya qarşı paranoidal sayıqlama formalaşır, həkim-psixiatrlar xəstələrin sayıqlama zəncirinin bir hissəsinə çevrilir, bu səbəbdən də ruhi xəstələr sosial şəbəkələrdə nifrət etdikləri psixiatrlara qarşı böyük qisas kompaniyaları təşkil edirlər, onlara mənəvi , hətta fiziki zərbələr endirməyə çalışırlar.


Təsadüfi deyildir ki, “Antipsixiatriya” adlanan ictimai hərəkatın ən aktiv nümayəndələri keçmişdə dünyanın müxtəlif psixiatriya xəstəxanalarında stasionar müalicəsi keçmiş, çox ağır psixiatrik diaqnozlara malik olan ruhi xəstələr olmuşlar. Sosial şəbəkələrdə ruhi xəstələrin müxtəlif adlar altında fəaliyyət göstərən qrupları vardır, bu qruplarda müxtəlif həkim-psixiatrların ünvanına hədə, böhtan, şər dolu yazılar yazılır, bəzi guya sağlam, lakin avam, qanmaz adamlar isə bu məlumatların nə dərəcədə obyektiv olduğunu bilmədən ağır ruhi xəstələrin səsinə səs verir, onların fikirlərini alqışlayaraq kommentlər, postlar yazır, bununla da psixiatriyanın gözdən salınması, ona qarşı neqativ münasibətin formalaşması prosesi bütün sürəti ilə gedir.

Hesab edirəm ki, hüquq-mühafizə orqanları ağır ruhi xəstələrin sosial şəbəkələrdə aktivliyinə son qoymalıdır, belə xəstələrin Daxili işıər Strukturlarında məlumat bazası olmalı, onların sosial şəbəkələrdəki səhifələri bağlanmalıdır. Belə sosial təhlükəli ruhi xəstələr instaqram, feysbuk, yutub, vatsapp kimi şəbəkələrdən istifadə edib, müxtəlif xoşlamadıqları adamlara əsassız şər atır, onları təhqir edir, hədələyirlər, bu cür xəstələr ekspertizaya cəlb olunmalı və psixiatrik müalicəxanalara yerləşdirilməlidirlər.


Təəssüf ki, bu vacib məsələ ilə heç kəs məşğul olmur. Ruhi xəstələrin müalicəsində bir çox çətin momentlər var, bunlardan biri də artıq xəstə adamda sonradan psixotrop dərmanlara qarşı yaranan ikincili sayıqlamadır, belə induktiv sayıqlama xəstə ilə bir evdə yaşayan insanlarda da baş verə bilər. Xəstədə ruhi patologiya aşkar olunur, müəyyən psixotrop dərmanlar təyin olunur, dərmanlar haqda xəstəyə tam izahat verilir, lakin xəstə beyin avtomat rejimində hər bir yeni hadisəyə patoloji reaksiya verir, xəstənin həyatında psixotrop dərmanların təyini yeni hadisədir, beyin yeni reaksiyaya hazırdır, xəstə dərhal fikirləşir “Birdən bu dərman məni zəhərləyər, birdən dərmanı gecə içib yataram, səhər ayılmaram, birdən bu dərman məndə ürəkdöyünməsi verər, qarnımı ağrıdar, mədəmə pis təsir edər”...və.s. bu fikirlərin ucu-bucağı olmur.

Psixofiziologiyanın qanunlarına görə, xəstənin bu cür sayıqlama fikirləri onda müəyyən somatik narahatlıqlar yaradır: heç vaxt ürəyindən şikayəti olmayan adam gecə qəflətən ayılaraq “Ürəyim dayanacaq” deyir, təcili yardım çağırır, sonradan məlum olur ki, təyin olunmuş psixotrop dərmanın ürəyə heç bir zərərli təsiri yoxdur, bu xəstənin sən demə yeni sayıqlamasıdır, lakin buna baxmayaraq, psixiatrın günahlandırılması prosesi davam edir.


Xüsusi qeyd olunmalıdır ki, Psixiatrik Yardım Haqqında Qanun həddindən artıq yararsızdır, psixiatriyanın praktik tələblərinə cavab vermir. Qanunda tələb olunur ki, psixoz vəziyyətində olan xəstə xəstəxanada müalicəyə razıdırsa və müvafiq sənədlərə öz razılıq imzasını atırsa, onu könüllü qospitalizasiya olunmuş xəstə kimi hesab etmək olar. Lakin bu müddəa çox absurddur və elmi psixiatriyaya ziddir, bir tərəfdən psixiatrik nöqteyi-nəzərdən psixoz zamanı insan ətraf aləmi qətiyyən düzgün qavraya bilmir və bu pozulma çox kobud şəkildə cərəyan edir, onda belə bir sual doğur : əgər bu və ya digər psixi pozulma nəticəsində(deliriy, şizofreniya tutması, kəskin psixopatik oyanma, hebefrenik sindrom, fasiləsiz davam edən suisidial tendensiyalar və.s.) insan ətraf mühiti adekvat qavrama qabiliyyətini itirirsə, burada hansı razılıqdan, hansı könüllü hospitalizasiyadan, hansı imzadan söhbət gedə bilər? Belə məntiqsiz müddəalardan ibarət olan, Avropa və Amerika qanunlarını dublyaj edən bu sənəd hansı məqsədlə istifadə edilir?

Psixiatriya haqqında əhali arasında külli miqdarda miflər mövcuddur.Onlardan bir neçəsini nəzərinizə çatdırıram.

1-ci mif. Psixiatrların təyin etdiyi dərmanlar adamların başını xarab edir. Bu mifdən qidalanan insanlar əhalinin ən savadsız, nadan qlobal təfəkkür qabiliyyəti olmayan insanlardır. Bu mifin heç bir farmasevtik, klinik-psixopatoloji, farmakoloji əsası yoxdur. Təəssüf ki, bu cür düşünən insanlar arasında qeyri-psixiatr ixtisaslarından olan həkimlər də çoxdur.

2-ci mif. Psixiatrik diaqnozların sübut bazası yoxdur. Bu mif də ağ yalandır. Psixiatriyanın iki mühüm və nəhəng sübut bazası vardır: “ex yuvantibus” metodu: diaqnozun varlığı və sübutu müalicə prosesində üzə çıxır.
İkinci sübut Biokimyəvi-Neyromediator xarakter daşıyır, ölmüş ruhi xəstələrin beynində spesifik biokimyəvi dəyişikliklər aşkar edilir ki, bunlar ruhi xəstə olmayan insanların beynində aşkar edilmir.

3-cü mif. Ruhi xəstəliklərin effektiv müalicə üsulları yoxdur. Bu mif də ağ yalandır. Hal-hazırda fundamental psixiatriyada 30-dan çox müalicə üsulları vardır. Lakin Azərbaycan səhiyyəsindəki durğunluq, psixiatriyaya laqeydlik bu metodlardan istifadə etməyə böyük əngəl törədir.Unutmaq olmaz ki, ruhi xəstəliklərdən heç kəs sığortalanmayıb”.

Aygün Musayeva