Bakı məktəblərində yayılan xəstəlik: Qrip, yoxsa kovid? - Həkimlərdən XƏBƏRDARLIQ

  • 2021.10.08 15:56
  • 2121 Baxış
Bakı məktəblərində yayılan xəstəlik: Qrip, yoxsa kovid? -  Həkimlərdən XƏBƏRDARLIQ
Məktəblərdə ənənəvi təhsilə yeni başlanılsa da, artıq koronavirusa yoluxma hallarına rast gəlinir. Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.

Valideynlər sosial şəbəkələrdə sağlam yola saldıqları övladlarının bir-iki günə xəstələnib qayıtdığını və dərsə getmədiyini yazır. Siniflərdə xəstəlik səbəbindən dərsə gəlməyən şagirdlərin sayı artır. Valideynlər nə ilə üz-üzə qaldıqlarını billmir.

Medicina.az xəbər verir ki, sputnk.az məktəblərdə virus səbəbindən dərslərin dayandırıldığını araşdırıb və yayılan virusun nə olduğuna həkimlər aydınlıq gətirib.

162 saylı məktəbdən bildirdilər ki, məktəbdə yalnız 8ç sinfi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb: "Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8ç sinfidir. Ona görə də Elnarə müəllimin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək".


Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə “Baku Oxford School”-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.


K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir.

"Hal-hazırda əsas mövsümi xəstəlik qripdir. Qrip virusunun yayılma dövrüdür. Ona görə də bu xəstəlik müşahidə olunduqda qorxmaq lazım deyil. Uşaqlarda belə halda temperatur yoxlanılmalıdır. Ailə həkimi uşağı müayinə etməlidir. İki gün şagird evdə müalicə almalı, həkim tövsiyə edirsə, mütləq COVID-ə görə analiz verməlidir".



A.Musayev deyir ki, valideynlərin ciddi maarifləndirilməsinə ehtiyac var.

"Ola bilər ki, bəzi valideynlər uşağın xəstəliyini gizlətsinlər. Ona görə də məktəblərin girişində mütləq temperatur ölçülməlidir. Daha yaxşı olardı ki, uşaqlara məktəbin həkimi tərəfindən vizual baxış olsun. Uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir".

İnstitut direktoru deyir ki, hazırda yayılmış qrip məktəblərdə COVID-ə yoluxma xofu yaratmamalıdır:

"Məktəblərdə COVID-ə yoluxma halının qeydə alınacağı gözlənilən idi. Amma buna görə təhsili dayandırmağa ehtiyac yoxdur. Bu gün yoluxma qeydə alınan siniflərin distant təhsilə keçməsi ən uğurlu variantdır".

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev açıqlamasında bildirib ki, qrip simptomları müşahidə olunan şagirdlərin həkim müayinəsindən keçməsi vacibdir: "Hazırda mövsümi qrip dövrüdür.

Bəzən qriplə koronavirusu əlamətlərdən seçmək olmur. Çünki bütün virus infeksiyaları yuxarı tənəffüs yollarını zədələyir. Elə yoluxucu xəstəliklər var ki, onun özünəməxsus əlamətləri olur. Amma qrip viruslarında əlamətlər ümumidir.

Bunlar kəskin respirator virus infeksiyaları hesab olunur. Ona görə də qripəbənzər əlamətlər müşahidə olunduqda antigeni müəyyən etmək üçün mütləq test aparılmalıdır. Spesifik antigeni müəyyən etmək lazımdır ki, bunun mövsümi qrip, yaxud koronavirus olduğu məlum olsun".

N.Quliyev deyir ki, əgər məktəbdə yoluxma mənbəyi varsa, bu ocağı söndürmək üçün sinif qapadılmalıdır: "Bu gün üçün ən optimal əks-epidemik tədbir budur. Hansı sinifdə koronavirusa yoluxma varsa, mütləq şəkildə o sinifdə ənənəvi təhsili dayandırmaq, 14 günlük karantin tətbiq etmək lazımdır". /sputnikazərbaycan/