Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda qızılca böhranı: 65 yaşlılar da yoluxdu – Məhəmmədi modulda isə yer yoxdur

  • 2024.01.22 14:19
  • 3387 Baxış
Bakıda qızılca böhranı: 65 yaşlılar da yoluxdu  – Məhəmmədi modulda isə yer yoxdur

Bakıda qızılca kollapsı yaşanır. 2 ay öncə infeksionistlərin “qızılca yaşlı insanlara keçmir, daha çox uşaq xəstəliyidir” fikri təsdiqini tapmır. Belə ki, bu xəstəlik böyüklər arasında da yayılmağa başlayıb.

Artıq təcili yardıma qızılcaya yoluxan və ağır vəziyyətdə olan böyüklər üçün çağırışlar daxil olur. Hətta yaşlı, qoca insanların da qızılcaya yoluxduğu haqda xəbərlər var. Əgər bu, həkimlərin dediyi həmin klassik qızılcadırsa....

"Medicina” xəbər verir ki, ötən həftə Xirdalan şəhərində tək yaşayan, səpkiləri və qızdırması olan 65 yaşlı qadın üçün təcili yardım çağırılıb və həkim qızılca diaqnozunu təsdiqləyib. Daha sonra sahə həkiminə müraciət olunub və resept üzrə müalicəyə başlanılıb.

Lakin ötən gün xəstənin vəziyyəti pisləşdiyindən yenidən təcili yardım çağırılıb. Xəstəni hospitəlizə etmək qərarı verilsə də, qızılcalı xəstələr üçün ayrılmış Məhəmmədi kəndindəki modul tipli xəstəxana onu qəbul etməkdən imtina edib.


Səbəb olaraq isə yer olmadığı, çarpayı çatışmadığı, hətta bir çarpayıda 2 uşağın yatdığı göstərilir.

Qeyd edək ki, heç bir özəl klinika qızılcalı xəstəni qəbul etmir.

Çarəsiz qalan təcili yardım əməkdaşları digər infeksion şöbələrə zəng etsələr də, xəstəni "gətirin" deyən olmayıb. Yaxınlarının tələbi və müəyyən qurumlara zənglərindən sonra qadın Məhəmmədi kəndindəki modul tipli xəstəxanaya yerləşdirilib. Amma övladları orada müalicə olunan valideynlərin sözlərinə görə, qadının vəziyyəti düşünüldüyündən də ağırdır.

Uşaqlarla bağlı vəziyyət də ürəkaçan deyil. Deyilən görə, elə uşaqlar var ki, 7 gündür gətirilsələr də, hələ sağalmayıblar.

Məhəmmədi kəndindəki modul tipli xəstəxanada vəziyyət barədə nə TƏBİB, nə Səhiyyə Nazirliyi açıqlama verir.

Hazırda orada və ümumiyyətlə, ölkədə qızılcaya yoluxan neçə aktiv xəstə olduğu, qızılcalı xəstələr üçün neçə xəstəxana ayrıldığı, nə qədər həkimin müalicə prosesinə cəlb edildiyi və itkilər barədə məlumatlar nədənsə açıqlanmır.


Aygün Musayeva