Bakıda uşaq dünyaya gətirən ana komaya düşdü- Reanimasiyanın bir sutkası 2000 manatdır

  • 2022.09.29 14:03
  • 5016 Baxış
Bakıda uşaq dünyaya gətirən ana komaya düşdü - Reanimasiyanın bir sutkası 2000 manatdır


1997-ci il təvəllüdlü Baləliyeva Nərmin Mübariz qızı qeysəriyyə əməliyyatı zamanı çox qan itirdiyinə görə komaya düşüb.

"Medicina" xəbər verir ki, Bu barədə Oxu.Az-a onun anası Ağayeva Gülnarə məlumat verib.

25 yaşlı övladının qanaxma zamanı beyni hipoksiyada qalıb (hissiyyat itkisi, baş gicәllәnmә, şüurun qismәn, sonra isә tamamilә itmәsi) və ciddi zədələnib:

“Qızım hazırda özəl klinikalardan birində reanimasiyadadır. Yeni doğulmuş körpəsi isə küvəzdədir. Nərminin yaşaması üçün əlimizdən gələni etdik amma artıq maddi olaraq tükənmişik. Onun bir gün üçün reanimasiyada qalma xərcləri 2 000 manatdır. Həkimlər bildirirlər ki, qızımın yaşaması üçün şans var. İmkanlı şəxslərdən xahiş edirəm Nərminimin balasına qovuşması üçün bizə kömək olsunlar”.



Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Nərmin Baləliyevanın ailə üzvü ilə əlaqə saxlanılıb:

“N. Baləliyeva hazırda özəl xəstəxanada beynin hipoksik zədələnməsi diaqnozu üzrə müalicə olunur. Pasiyentin vəziyyəti orta ağırdır. Qeyd edək ki, bu diaqnoz üzrə reanimasiya şəraitində tibbi xidmətin göstərilməsi Xidmətlər Zərfinə daxildir və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində təmin olunur.

Bu halda vətəndaşa özəl xəstəxanada müalicəsini davam etdirməsi üçün göndəriş vərəqəsinin verilməsi nəzərdə tutulmur. Göndəriş vərəqəsinin verilməsi qaydasına əsasən vətəndaşa dövlət tibb müəssisəsində lazımi xidmətin göstərilməsi mümkün olmadığı zaman Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.

Ailəyə pasiyentin dövlət tibb müəssisəsinə köçürülərək müalicə alması üçün köməklik təklif olunub. Lakin özəl xəstəxana tərəfindən pasiyentin köçürülməsinə tibbi göstəriş verilməyib və ailə bu tibb müəssisəsində müalicə kursunun davam etdirilməsi üçün pulyığma aksiyası keçirəcəyini bildirib. Agentlik tərəfindən ailənin razılığı ilə vətəndaşa vəziyyəti stabilləşdikdən sonra yenidən dəstək göstəriləcəkdir”.