Bir neçə adam birləşib ümumi qurban kəsə bilər - Hacı Şahindən vacib AÇIQLAMA

  • 2022.07.08 15:23
  • 3172 Baxış
Bir neçə adam birləşib ümumi qurban kəsə bilər  - Hacı Şahindən vacib AÇIQLAMA


“Qurban kəsmək hər kəsə vacib deyil"

Bu fikirləri Bakupost.az -a açıqlamasında ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.


“Qurban kəsmək yalnız həcc zamanı Məkkədə olan zəvvarlara vacibdir. Başqaları üçün isə bu, bəyənilən əməldir, lakin vacib deyil.
Ona görə bir neçə nəfər birlikdə ümumi qurban kəsə, qurbanı istədikləri kəslərə verə, istədikləri sayda paya bölə bilərlər.

Qurban qoyun, dəvə və iribuynuzlu heyvandan kəsilə bilər. Paylanılan ət təzə və keyfiyyətli olmalıdır. Yardım etmək istəyənlər başqalarına dəyərli bir şey verməlidir".

İlahiyyatçı yardımlaşmanın güclənməsinin inkişafa aparacağını bildirib. O bu yardımlaşmanın bariz nümunəsi olaraq Vətən müharibəsini misal çəkib:

“Hər kəs ümumi işə bacardığı töhfəni verməlidir. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun səmərəsini gördük. Hər kəs bacardığı kimi, təmənnasız Vətənə xidmət etdi, orduya yardım göstərdi. Evində yemək bişirən kim, yollarda su paylayan kim, əsgərlərin paltarını yuyan kim... Kim nə bacarırdısa, onunla faydalı olmağa çalışdı. Nəticədə də qalib olduq.


İşin dəyəri də zahiri görünüşlə deyil, işin arxasında gizlənən insanlıq sevgisi ilə müəyyən olunur. Bir nəfərin böyük sevgi ilə gördüyü xırda iş cəmiyyət üçün daha faydalıdır, nəinki eqoizm üzündən görülən böyük iş. Həzrət İbrahim müharibələr aparmadı, fəthlər etmədi, imperiya qurmadı, kəşflər etmədi. O, insanlığa olan sonsuz sevgisi ilə kiçik bir qurban gətirdi.

Nəticədə tarixin gedişatını dəyişdi – geniş yayılmış bütpərəstlik aradan getməyə, tövhid inancı güclənməyə başladı. Bu gün dünyada bütün proqressiv təmayyüllər, ümumiyyətlə proqresə inancın özü İbrahimin (ə) kiçik işinin səmərəsidir”.

Fəridə
BakuPost