Boğazımda düyün hissi var - Necə yoxlanım?

  • 2026.05.08 18:00
  • 83 Baxış
Boğazımda düyün hissi var  - Necə yoxlanım?


“Sanki boğazımda nəsə ilişib”
“Udqunanda düyün hiss edirəm”
“Boğazım sıxılır”
“Boğazımda yumru var kimi hiss olur” deyən insanlar çox həkimlərdən keçir, maraqlısı isə budur ki, çox zaman müayinələr normal çıxır və real fiziki tıxanma tapılmır.


Tibbdə bu vəziyyət çox vaxt “qlobus hissi” (Globus sensation) adlanır.


Medicina.az boğazda sanki nəsə qalmış və düyün hissinin əsas səbəblərini təqdim edir:


1. Stress, nevroz, əsəb

\Stress zamanı:
boyun və boğaz əzələləri yığılır,
nəfəs dəyişir,
udqunma refleksi həssaslaşır.
Nəticədə insan sanki boğazında düyün varmış kimi hiss edir.

Xüsusilə:
həyəcanda,
qorxuda,
panik vəziyyətdə,
uzun ağlama sonrası
bu hiss daha da artır.

2. Reflüks (Mədə Turşusu)

Bəzən mədə turşusu boğaza qədər qalxır və qıcıqlanma yaradır.
Bu zaman:
boğazda yanma,
düyün hissi,
tez-tez boğaz təmizləmə ehtiyacı,
səhərlər boğaz quruluğu,
səs tutulması ola bilər.

İnsan mədəsində yanma hiss etməsə belə, “səssiz reflüks” mümkündür.

3. Qalxanabənzər vəz problemləri

Qalxanabənzər vəzin böyüməsi və ya düyünləri də boğazda təzyiq hissi yarada bilər.
Xüsusilə:
boyunda şişkinlik,
udqunma çətinliyi,
səs dəyişməsi varsa, endokrinoloji müayinə vacibdir.

4. Boyun, çiyin əzələləri

Uzun telefon istifadəsi, kompüter qarşısında oturmaq və stres boyun əzələlərini sıxa bilər.

Bu zaman:
boğaz sıxılırmış kimi hiss olunur,
boyun tutulur,
çənə əzələləri gərginləşir.

5. Allergiya

Toz, siqaret tüstüsü, allergiya və quru hava:
boğazı həssaslaşdırır,
qıcıqlanma və yad cisim hissi yarada bilir.

Əgər aşağıdakılar varsa:
real udqunma çətinliyi,
sürətli çəki itkisi,
qanlı öskürək,
yüksək hərarət,
boyunda görünən şiş,
uzun sürən səs tutulması,
mütləq həkim müayinəsi lazımdır.

İlk növbədə terapevt, LOR həkim, daha sonra nevroloq və ya psixiatra baş çəkmək lazımdır.

Aygün Musayeva