- Stomatoloq düzgün qaydaları açıqladı/ MÜSAHİBƏBREKETLƏR SİZİ DİŞSİZ QOYA BİLƏR

  • 2018.11.06 13:34
  • 33412 Baxış
 - Stomatoloq düzgün qaydaları açıqladı/ MÜSAHİBƏ BREKETLƏR SİZİ DİŞSİZ QOYA BİLƏR
Uşaq vaxtı dişlərə düzgün qulluq ediləməməsi və yaxud bir sıra digər problemlər sonradan ağızda pis görüntü yaranmasına səbəb olur. Əsasən də əyri dişlər insanların kompleksinə çevrilir. 


Medicina.az-ın əməkdaşı diş əyriliyinin aradan qaldırılması üçün nəzərdə tutulan breketlər haqda stomotoloq Niyaməddin Daşdıyevə söhbətləşib:

  

- Niyaməddin həkim, breketlərin hası növləri olur? 


- Breketlərin müxtəlif növləri var. Bunlara dişlərin arxa divarına birləşdirilən və görünməyən linqval breketləri, şəffaf sapfir breketləri, metal breketləri, keramik breketləri, rəngli breketləri misal göstərmək olar. Bu breketlərin müxtəlif xüsusiyyətləri var və bu xüsusiyyətlərindən aslı olaraq qiymət intervalı da dəyişir. 


- Breketlər xəstəyə nə zaman təyin edilir? 


- Dişlərin düzülüşündə, çənə qövsündə əyriliklər varsa, dişlər yerinə oturmayıbsa, o zaman xəstəyə breket təyin olunur. Dişlərin düzülüşündə əyriliklərin yaranmasının müxtəlif səbəbləri var. Bura daimi dişlərin hələ süd dişləri tökülməmiş inkişafa başlamasından  tutmuş müxtəlif zədələrin təsirini aid etmək olar. Bu zaman təyin edilən breketlərin sayəsində diş səfi bərpa olunur, dişlər öz normal görünüşünə qayıdır.  


- Breket daşıyan xəstə qidalanarkən nələrə diqqət yetirməlidir? 


- Dişlərinə breket taxılan şəxslərin  çox sərt qidalara üstünlük verməmələri məsləhətdir. Bir müddət bundan imtina etməkdə fayda var. Normal yumşaqlıqda olan qidalardan istifadə məsləhətdir. 


- Breker yerəşdirilən dişlərə qulluq necə olmalıdır? 


- Breket dişlərə yerləşdirilməzdən əvvəl dişlərin çürük hissələri müalicə olunmalı, dişlər diş daşından və diş ərpindən təmizlənməlidirlər. Yalnız bundan sonra dişlərə breket taxıla bilər. Əks halda çürük hissədən bakteriyaların bütün dişlərə yayılması ehtimalı var. Ağızda breketlər olduqda dişlər arasında yemək qalıqlarının qalması və bu səbəbdən də çürüməsi ehtimalı artır. Buna görə də breket taxıldıqdan sonra dişlərə qulluq xüsusi olmalıdır. Belə halda dişləri təmizləyərkən xüsusi diş fırçalarından istifadə edilməlidir.


- Breketlərin ziyanı varmı? 


- Yalnız dişlər yaxşı təmizlənmədikdə, breketlər metal və plastik materialdan hazırlandıqda ağızda hər hansı bir diskomfort hissinin yaranmasına səbəb ola bilər. Lakin mədəyə, həzm sisteminə heç bir zərərinin olmadığı tam əminliklə söyləmək olar.  


Arzu Mirzəyeva

Medicina.az