Budəfəki dalğada yoluxanların çoxu şagird və tələbələr olacaq - İnfeksionistdən XƏBƏRDARLIQ

  • 2021.10.20 12:28
  • 2436 Baxış
Budəfəki dalğada yoluxanların çoxu şagird və tələbələr olacaq -  İnfeksionistdən XƏBƏRDARLIQ
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadənin proqnozuna görə, noyabr-dekabr aylarında yeni növ koronavirus infeksiyasının virulentliyi artacaq.

Medicina.az xəbər verir ki, həkim publika.az-a açıqlamasında məktəb və universitetlərin açılmasının yoluxmanı daha da aktivləşdirdiyini bildirib. Lakin təhsil dayandırılsa belə heç nə əldə olunmayacaq.

"Ümumiyyətlə, COVID-19 pandemiyasına hazırda dünya da qalib gələ bilmir. Vaksinasiya tətbiq olunsa da, görürük ki, müəyyən müddətdən sonra yoluxma yenidən artır. Odur ki, pandemiyanın nə zaman bitəcəyi barədə dəqiq proqnoz vermək çətindir. Sözsüz ki, bu sahədə ciddi işlər aparılır və pandemiya bitənə qədər bu tədbirlər davam etdirilməlidir.

Noyabr-dekabr aylarında yenidən artım proqnozlaşdırılır. Görürük ki, son günlərdə yoluxmalar artmağa doğru gedir. Çünki məktəb və universitetlərin açılması buna şərait yaradır.

Kütləvi yoluxmaların olduğu məktəblər və universitet qrupları distant təhsilə keçir. Lakin bütün məktəb və universitetlərin bağlanması ilə nəticə əldə olunmayacaq. Bioloji prosesdir, infeksiya artmağa doğru gedir. Sərt karantin tətbiq olunsa, nisbətən azalacaq, karantin ləğv olunanda isə yenidən artmağa başlayacaq. Bir sözlə, COVID-19 bizimlə yaşamağa davam edəcək.

Bütün yaş qruplarında artım müşahidə edilir və ediləcək. Hesab edirəm ki, şagirdlər və tələbələr yoluxmalara daha çox məruz qalacaq.

Havaların soyuması ilə qripə bənzər əlamətlərlə gedən kəskin respirator virus infeksiyalarının baş qaldırdığı müşahidə edilir. Hazırda ölkədə həm COVID-19, həm də qrip yayılmaqdadır, amma bunlar ayrı-ayrı viruslardır. Qrip mövsümi xəstəlikdir, COVID-19 isə il boyu davam edəcək.

Biz hər il qriplə qarşılaşmışıq. Keçən və ondan əvvəlki il məhdudiyyətlər tətbiq olunduğu üçün qrip infeksiyasına demək olar ki, rast gəlinmədi. Bu il sərt karantin yoxdur, odur ki, qrip infeksiyasının artması üçün əlverişli şərait yaranıb.

Qrip ağır əlamətlərlə getmir, yüngül, orta dərəcələrlə davam etdiyini görürük. Əsasən uşaqlarda və orta yaş qrupunda rast gəlinir. Yaşlılar da var, amma orta ağır dərəcədə gedir. Bundan başqa, qripin klinik əlamətləri 3-4 gündən artıq davam etmir".