Bu vaksin sizi Omikrondan qoruya bilər - TƏBİB rəsmisi

  • 12 Yan 2022 14:24
  • 612 Baxış
Bu vaksin sizi Omikrondan qoruya bilər -  TƏBİB rəsmisi
“Pandemiyanın əvvəlindən demişdik ki, koronavirus, COVID-19 virusları mutasiyaya meyllidir. Hətta onun ilkin mutantları yayılanda bildirdik ki, bu, sonuncu deyil. Əvvəlcə Britaniya ştamı, sonradan “alfa”, “beta”, “delta” ştamları meydana çıxdı və proqnozlarımız özünü doğrultdu. Yeni mutasiyaların meydana çıxması bundan sonra da gözləniləndir”.

MEDİCİNA.AZ xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. O qeyd edib ki, mutasiya nəticəsində “omikron” bir çox xüsusiyyətlər əldə edib:

“İlk növbədə yoluxma qabiliyyəti artıb. “Delta” ştamında da bu, artıq idi, “omikron”da ondan da çox olub. Eyni zamanda bədənimizdə COVID-19 virusuna qarşı yaranmış anticisimlər bir qədər də rezistentlik qazanıb. Odur ki, “omikron” ştamı daha çox yoluxucu olmağa meyllidir və bu xüsusiyyətinə görə ştamlar arasında liderdir. Qısa müddətdə epidemik alovlanmalar yarada bildiyi üçün hamıda təşviş doğurmağa başlayıb. Lakin digər məsələ ondan ibarətdir ki, “omikron” ştamının törətdiyi xəstəlik ağır gedişə malik olmur. Bu ştam daha çox öldürücü deyil, daha çox yoluxdurucudur”.

Mütəxəssis bildirib ki, xəstəliyi əvvəl keçirməyən insanlar daha həssasdır:

“Xəstəliyi keçirən insanlarda bu virusa qarşı immunitet yaranıb, təkrar xəstəlik adətən yüngül gedişə malik olur. Vaksinasiya olunmuş şəxslər də həmçinin xəstəliyi yüngül keçirirlər.

Yuxarı tənəffüs infeksiyalarında bir çox klinik əlamətlər oxşardır. Biz ona soyuqlama əlamətləri deyirik. “Omikron” nisbətən yüngül gedişə malik olması ilə xarakterizə olunduğundan onu qripdən fərqləndirmək bir qədər də çətinləşib. Onun COVID-19 olub-olmadığını yalnız xüsusi testlərlə müəyyən edə bilərik. Əslində xəstənin hansı ştama yoluxmasının klinik cəhətdən əhəmiyyəti yoxdur. COVID-19 olması kifayətdir”.

Akif Qurbanovun sözlərinə görə, apteklərdə satılan koronavirus testləri o qədər dəqiq olmasa da, virusun aşkar olunmasında onların rolu var:

“İnsanlar əvvəllər daha çox qorxu içində idilər. İndi bir qədər adiləşib, niyə? Vaksinasiyaya minnətdar olmalıyıq, onun təsirləri barədə əhalini məlumatlandırmışıq, təbliğat aparılıb. Onlar da vaksinasiya olunandan sonra həm psixoloji cəhətdən sakitləşiblər, həm də həqiqətən effektlidir. Hamı bilməlidir ki, yuxarı tənəffüs yollarının infeksiyaları qışda aktivləşir. Bu, soyuq havanın təsiri altında bizim yuxarı tənəffüs yollarımızın yerli müdafiə qabiliyyətinin azalması ilə əlaqəli olan təbii bir prosesdir. Kim ki, özünü qoruyur, onlarda kəskin respirator infeksiyalar müşahidə olunmur. Maska bizi bir çox yuxarı tənəffüs infeksiyalarından qoruyur. Amma hər hansı bir infeksiya uzunmüddətli gedişə malik ola bilər. Bu, müxtəlif amillərə bağlıdır, xəstəlik törədicisinin xüsusiyyətlərindən də asılıdır. Qripə bənzər onlarla virus var. Bunların hər hansı biri ağır gedişə də malik ola bilər”.

Həkim vaksinlərin COVID-19-un yeni ştamlarına qarşı təsirindən də söz açıb:

“Dünyada istifadə olunan vaksinlərin hamısı effektivdir. Azərbaycan pandemiyanın əvvəllərindən vaksinasiyaya başlayan ilk dövlətlərdən idi. Onun hesabına indi ölkədə epidemioloji vəziyyət xeyli stabildir. Biz ilk dövrdə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” vaksinindən istifadə etdik, bu vaksinin tərkibində öldürülmüş virus var. “Sinovac”ın üstünlüyü odur ki, tam təhlükəsizdir. Əlavə təsirləri çox azdır, orqanizm üçün böyük problemlər yaratmır.

Dünyanın bir çox ölkələrində istifadə olunan “AstraZeneca”, “Sputnik V” kimi vaksinlərdə də qoruyuculuq yüksəkdir. “Pfizer” və “Moderna” vaksinləri isə mRNT vaksinləridir. Biz “Sinovac”ın tərkibindəki öldürülmüş vaksini tam qəbul edirik. “AstraZeneca” və “Pfizer” vaksinində isə virusun səthi züllalları var. Səthi züllalların dəyişikliyə uğradığını nəzərə alsaq, müəyyən qədər effektini zəiflədə bilər. Hazırda elmi-məntiqi nəticə onu deməyə əsas verir ki, “Sinovac” tərkibində bütöv virus olduğu üçün bizi “omikron” ştamından daha çox qorumaq qabiliyyətinə malik olacaq. Çünki bu virus təkcə səthi zülallara qarşı deyil, bütün virusa qarşı immunitet yaradır. Həm də bizim üçün zərərsizdir. /publika.az/