Böyrək çatışmazlığından baş vermiş ölüm hallarının sayı açıqlanıb

  • 2018.03.09 23:48
  • 11075 Baxış
Böyrək çatışmazlığından baş vermiş ölüm hallarının sayı açıqlanıb
"Azərbaycanda 3406 xəstə dövlət hesabına hemodializ müalicəsi alır. Xəstələrdən ən kiçiyinin 6, ən böyüyünün isə 84 yaşı var".


APA-nın xəbərinə görə, bunu Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.


Xəstələrdən 1922 nəfərinin kişi, 1484 nəfərinin isə qadın olduğunu vurğulayan şöbə müdirinin sözlərinə görə, 1226 yeni xəstə hemodializ müalicəsinə qəbul edilib.


F. Babayev bildirib ki, ötən il ölkədə böyrək çatışmazlığı ilə bağlı 638 ölüm faktı qeydə alınıb: "392 ölüm faktı regionların payına düşüb. 2016-cı ildə ölüm göstəricisi 20,2% təşkil edirdisə, ötən il bu rəqəm 18,6%-ə enib. Xroniki böyrək çatışmazlığı xəstələrinin sayında artım var. Bu dünyanın hər yerində belədir. Xəstələrin sayının artması onun inkişaf etməsi demək deyil. Böyrək çatışmazlığı əsasən rütubət olan regionlarımızda və qərb rayonlarında daha geniş yayılıb".


O qeyd edib ki, indiyə kimi 758 xəstəyə böyrək köçürülməsi əməliyyatı icra edilib.