"Ciddi səbəb olmadan xəstənin tomoqrafiyaya göndərilməsi yolverilməzdir" - TANINMIŞ RADİOLOQLA MÜSAHİBƏ

  • 2020.02.05 22:00
  • 14365 Baxış
"Ciddi səbəb olmadan xəstənin tomoqrafiyaya göndərilməsi yolverilməzdir" -  TANINMIŞ RADİOLOQLA MÜSAHİBƏ
“Bəzən olur, KT çəkirik, xəstədə heç nə çıxmır, bu, məni narahat edir”


Radiologiya pasiyentlərin həkimlərlə birbaşa ünsiyyətdə olmadığı və çoxlarının yaxından bələd olmadığı bir sahədir. MRT, rentgen, KT, “anju” dediyimiz angioqrafiya müayinələrinizin təhlilini radioloqlar aparır və diaqnozu onlar təyin edir. Siz çox vaxt onları görmürsüz, amma onların diaqnozu həkiminiz üçün əsas mənbə sayılır. Radioloqların işinin bir çətinliyi də ondadır ki, onlar radiasion təhlükəli avadanlıqlarla çalışırlar. Əgər bir xəstə ömrü boyu 1-2 dəfə MRT, KT-dən keçirirsə, onlar hər gün bu cihazların yaxınlığında çalışır.

Ağakişi Yəhyayev gənc olsa da, Azərbaycanın tanınmış diaqnostik və invaziv radioloqlarından biridir. 2004-cü ildə Azərbaycanda Tibb Universitetini bitirdikdən sonra Türkiyədə 5 il uzmanlıq dərəcəsi alıb. İnvaziv radioloqların bir işi də el dilində desək, tıxanmış damarları “açmaqdır” ki, hazırda Bakıda bu yöndə 3 mütəxəssisdən biri də məhz bu həkimdir deyə bilərik.


Medicina.az-ın əməkdaşı Ağakişi doktorla həm diaqnostika, həm də radioloji müayinə-müalicə metodlarının özəlliyindən, bilmədiyiniz məqamlardan danışıb.


Radiologiya üzrə yaxşı həkimin kim olduğunu xəstələr yox,
həkimlər, cərrahlar bilir


- Doktor, öncə peşənizin düsturunu verək. Radiologiya nədir və tibdə onun rolu nədən ibarətdir? Sizin işinizin əsas hissəsini hansı müalicə təşkil edir?

- Radiologiya 2 böyük hissədən ibarətdir: diaqnostik və invaziv. MRT, rentgen, KT, UZİ, dopler – bildiyiniz bütün bu müayinə metodlarının aparılması və diaqnozun təyini bizim işimizdir. İnvaziv radiologiyada isə əsas alət angioqrafiyadır. İnvaziv radiologiya hələ SSRİ vaxtından var idi, rentgenovaskulyar cərrahiyyə adlanırdı və bu işlə cərrahlar məşğul olurdu. Azİnvaziv radiologiya daha gənc sahə sayılır, burda əsas fərq bədənə az invaziv müdaxilədir.

- Tibdə radiologiya ən az üzdə olan, belə desək pasiyentlərin tanımadığı, az şöhrətli və zəhməti layiqincə dəyərləndirilməyən sahə hesab edilir. Bu sizi bir qədər incitmir ki?

- Təbabətdə elə ixtisaslar var ki, onların işi birbaşa xəstələrlə yox, onların həkimləri ilə əlaqəlidir. Radiologiyada yaxşı həkimin kim olduğunu xəstələr yox, həkimlər, cərrahlar bilir və pasiyentini o radioloqa yönləndirir ki, diaqnozunu dəqiq bilsin, müalicəsi yaxşı təyin etsin. Biz radioloqlar istər ölkədə, istər dünya səviyyəsində həkimlər üçün əhəmiyyətli mövqe tuturuq. Ona görə də sizin fikrinizlə tam razı deyiləm. Bizi Azərbaycan tibbində kifayət qədər tanıyırlar. Amma bir çox hallarda birbaşa xəstələr də adımızı eşidib, özləri müraciət edirlər.



- Siz son zamanlar daha çox aşağı ətrafların damarlarının açılması ilə məşğulsuz. Xüsusən şəkərli diabet xəstələri sizə daha çox üz tutur. Çünki ayaqda qanqrenin müalicəsində əsas məsələ tutulmuş damarları açmaq və ayağı qanla təchiz etməkdir. Bildiyimiz qədəri ilə radioloqların işi təkcə ayaqdakı damarları açmaqdan da ibarət deyil.

- Xeyr, təkcə ayaq damarlarını açmırıq. Sadəcə ayaq damarlarının tutulması gözlə görünəcək yaralar, fəsadlar göstərdiyi üçün daha çox diqqət çəkir və insanları narahat edir. Eyni hal boyunda yuxu damarlarının tutulmasında da olur. Bu zaman yüksək təzyiq, insult riski yaranır.

Damarlar beyin və qeyri-beyin damarlarına bölünür. Beyin və yuxu damarları, beyin daxili və xarici damarlar da bizim sahədir. Qeyri-beyin damarlara isə boyundan aşağı bütün bədəni əhatə edən: aorta, qarın boşluğu, böyrək, ayaq damarları aiddir. Azərbaycanda bu gün ateroskleroz problemi çoxdur. Ona görə aşağı ətraflarda damar tıxanması səbəbindən cərrahyyə şöbələrində yatan kifayət qədər xəstələr var. Buna da səbəb qidalanma, az hərəkətlilik, şəkərli diabet, ümumiyyətlə, damar probleminin olmasıdır.

Həkimlər arasında son 5 ildə ayaq damarlarının invaziv radiologiya ilə müalicəsinə maraq və yönəltmə yavaş-yavaş artır. Ölkəmizdə koronar angioqrafiya – ürək damarlarına invaziv müdaxilə çox populyarlaşdı və artıq insanlar bilir ki, ürək damarı tıxananda açmaq olar. Bu tanıtımda yeni nəsil kardioloqların rolu çox oldu. Kardiloq cərrahlarımız da çoxdur. Amma invaziv radioloqların sayı kardioloqlara baxanda çox azdır. Ona görə hələ maariflənməyə, tanıtıma ehtiyac var, buna da vaxt lazımdır.


Qadın damarı kişilərə nisbətən kövrək, incə olur,
işləmək çətindir, məharət tələb edir.


- Hər cərrah invaziv radioloq ola bilməz. Bunun üçün intuisiya, hissiyyat və bir də əllərin çox incə, dəqiq işləməsi lazımdır.

- Cərrahiyyə ilə invaziv radiologiya tamamən başqa sahələrdir, ayrı tələbləri var. Bir misal deyim: biz qasıq damarından keçib beyinə çatıb, beyində damar əməliyyatı edirik. İndi mənzərəni özünüz təsəvvür edin. Bu iş bir az qəlizdir. Amma bir damar açılmadı, aparaq Ağakişi mütləq açacaq deyə bir şey yoxdur. Söhbət xəstənin damarını mütləq açmaqdan getmir. Onu çox adam bacarar. Məsələ damar açıldıqdan sonra zərər verməməkdir, əsl məharət budur. Söhbət illərlə tutulmuş damardan gedir. Balansı qorumaq lazımdır, aça biliriksə açaq, aça bilmiriksə, məcburən açsaq onu yırta bilərik, sonra ağır fəsadlar verə bilər. Ona görə imtina etdiyimiz xəstələr də olur.

20 ildir damarı tutulmuş amma gəzən, hələ ki, heç bir ağır fəsadı olmayan xəstə istəyir ki, 10 dəqiqəyə damarı açılsın. Bu mümkün deyil. Tutulmanın dərəcəsi də vacibdir. Elə kirəcləşmə ola bilər ki, onu gərək mismarla vurub açasan, açarıq, amma vurub başqa damarı yırta bilərik. Ayağın damarları qarından başlayır. Bu damarların yırtılması qarındaxili qanaxma deməkdir. Xüsusən qadınlarda. Qadın damarı kişilərə nisbətən kövrək, incə olur, işləmək çətindir, məharət tələb edir.

- Və ən çətini, böyrəklərin belə damarlarını açırsız, hansı ki, heç xəstənin ağlına gəlmir.

- Hər bir damar tıxana bilər, həmçinin böyrəklərin. Bu damarların tıxanması səbəbindən təzyiq yüksələ bilər. Bunun yoxlanması necə olur? Həkim digər səbəbləri – ürək, sinir, qidalanma, beyin istisna edir, təzyiq dərmanla müalicədən düşmür, o zaman xəstə böyrək damarlarının doplerinə mütləq şəkildə yönləndirilməlidir. Bu müayinə çox asandır, heç bir şüa falan yoxdur. Əgər bir həkim təzyiq xəstəsini müalicə edə bilməyib, onu böyrək damarlarının doplerinə göndərmirsə, o həkimin savadına şübhəm var. Biz də baxırıq, böyrək damarı tıxanıbsa, daralıbsa, onu invaziv açırıq və təzyiq özü düşür. Xəstənin də canı qurtulur. Böyrək damarının açılmasında 2 məqsəd var: təzyiqi salmaq, böyrəyin zədələnməsinin qarşısını almaq. Çünki bu problem kreatini də yüksəldir, sonda böyrək çatışmazlığına gətirib çıxara bilər. Şəkər xəstələrində həm böyük iri damarlar, həm xırda damarlar tutulur. Bu xəstələrdə məsələ bir qədər qəlizdir. Çünki xırda damarlar tutulubsa, iri damarları açmağın mənası yoxdur.






Hər həkim istədi, hər xəstə istədi deyə rentgen,
KT oluna bilməz

–Belə bir statistika oxudum ki, həkimlər arasında işi ilə bağlı sağlamlığı ən çox zərər görənlərin böyük qismi diaqnostik radioloqlar olur. Onlar MRT, KT, Rentgen müayinələrində çox olurlar, şüalanma, radiasiya dozasına məruz qalırlar. Bu nə dərəcədə düzgün informasiyadır?

- Ümumiyyətlə radiasiya təkcə xəstəxanada MRT, KT otaqlarında olmur. Çöldə də, adi yaşamda da, təbiətdə də radiasiya var. Radiasiya insan orqanizminə müəyyən qədər zərər verir, immuniteti zəiflədə bilir. Biz radioloqlar cihazın, aparatın içində işləmirik. Bu aparatlar olan otağın ətrafına radiasiya yayılması riski yoxdur. Çünki xüsusi təşkilatlar və bu avadanlıqları quraşdıran şirkətlər müayinə otaqlarının divarlarını qurğuşun örtüklə örtürlər.

Açığı, mən hələ bu vaxta kimi belə bir faktla qarşılaşmamışam ki, xəstə tomoqrafiyaya çəkildi və sonra xərçəng oldu. Eləcə də biz radioloqlar arasında işimizə görə xərçəng olma faktını eşitmədim. Biz radiasiyanın mənfi təsirini Xirosima, Çernobil hadisələrindən sonra bilmişik. O tarixi faciələr beynimizdə iz qoyub deyə, radiasiya sözü eşidən kimi ağlımızda dəhşətli fikirlər canlanır.


Bəli, bizim immunitetimiz digər həkimlərə nisbətən bir qədər zəif ola bilər. Angioqrafiyada həkimin ala biləcəyi aylıq doza norması var. Radiloqların sinəsində bir ötürücü qurğu- dozometr olur,o müəyyən qeydlər alır. 2-3 aydan bir cihazda qeydə alınan rəqəmlər yoxlanılr, hesablamalar nəticəsində radioloqun,ya müayinə həkiminin doza normasını aşıb-aşmaması təyin edilir. Əgər həkim aylıq dozanı aşıbsa, ona ehtiyatlı olmaq və növbəti aylarda daha az angioqrafi müayinələr etməsi bildirilir.

Amma Azərbaycanda inanmıram ki, özüm qarışıq kimsə bu dozanı keçsin. Biz o qədər fövqəladə sayda angioqrafiya etmirik.

- Bəs xəstələr üçün: MRT, KT, rentgen, dopler – hansı şüalanma baxımından daha sərtdir?

- MRT və doplerdə heç şüa yoxdur. Rentgen və kompüter tomoqrafiyada var. Tomoqrafiyanın və rentgenin təyinatı zamanı alınan faydanın verilən zərərdən çox olması nəzərə alınmalıdır. Hər həkim istədi, hər xəstə istədi deyə rentgen, KT oluna bilməz. Baş-boyunun KT olunması üçün ciddi səbəb lazımdır. Çünki bu zonada beyin, qalxanvari vəz, qadınlarda süd vəziləri şüalanmaya məruz qalır

- Axı buna göz yumurlar. İndi adi öskürəklə dərhal rentgen təyin olunur. Məsələn, 6 yaşlı uşağı pediatr agciyərlərin rentgeninə göndərir, 3-6 ay müalicədən sonra bir daha göndərir ki, görək müalicənin nəticəsi necə oldu. Bu qədər çox rentgen nə dərəcədə doğrudur?

- Rentgendən qorxmamalıyıq. Şüa baxımından ən çox təsir tomoqrafiyadadır. Məsələn, ağciyərlərin bir dəfə KT çəkimi 400 dəfə rentgen çəkiminə bərabərdir. Bir abdonimal tomoqrafiyada 600 rentgendən ala biləcəyiniz şüalanmaya məruz qalırsız. Ona görə bir radioloq kimi rentgenin yox, tomoqrafiyanın həddən çox və lazımsız təyinindən narahat ola bilərəm. Ehtiyacı olmayan, tibbi göstərişi olmayan xəstənin tomoqrafiya çəkilməsi yolverilməzdir. Hətta o xəstənin maddi imkanı olsa belə.

Bəli, olur ki, tomoqrafiya edirik, həkimin şübhəsi, gözləntisi çıxmır, ümumiyyətlə xəstədə heç nə aşkarlanmır, bu məni narahat edir. Deməli, əbəs yerə tomoqrafiya olundu. Mən başdan bilsəm ki, xəstə hansı səbəbə, hansı əsasla tomoqrafiyaya göndərilir, göstəriş olub-olmamasını dəqiqləşdirərəm.

Məsələn, olub ki, xəstə bel yırtığına görə tomoqrafiyaya göndərilib. Həkimlə danışırıq, MRT təklif edirik. KT bel yırtığı üçün informativ deyil. Onurğa sütunu üçün ideal yöntəm MRT-dir. Ya astmadan şübhələnir, ağciyərlərin tomoqrafiyası çəkilsin deyir. Yenə xəstəyə,həkiminə izah edirik ki, astmanı KT göstərməyəcək, Pnevmoniya şübhəsi varsa, həkim ağciyərlərə qulaq asa bilər, öncə rentgen edə bilər, müalicəyə təpki vermirsə, o zaman KT barədə düşünə bilər. Amma ağır travmalı, ciddi daxili problemi, ya onkoloji xəstələrdə KT daha informativdir, başqa yol yoxdur, xəstənin həyatı təhlükədədir, bu zaman şüa, doza düşünülmür.


- Olubmu ki, başqa bir müayinə üçün gələn xəstədə təsadüfən onkoloji xəstəlik aşkarlanıb?

- Olub, həddən artıq çox olub. Mənim üçün ən faciəvisini qeyd edim və bunu da qeyd etməkdə məqsədim odur ki, insanlar bu bəlanın nə qədər gözlənilməz olduğunu anlasın. Əmim qızı övladını USM müayinəsinə gətirmişdi. Elə belə dedim ki, gəlmişkən, sən də müayinə olun. Qaraciyərində 9 sm-lik bədxassəli şiş aşkarlandı. Diaqnozdan sonra təəssüf ki, 2 il yaşadı.

Bəzən olub ki, ana uşağın başını saxlayıb ki tərpətməsin, uşağı çəkəndə ananın əlləri də düşüb, onda da osteomit tapmışıq, bu da xoşxassəli şişdir. Deməyim odur ki, bizdə çek-up ənənəsi, xəstəliksiz müayinəyə getmək ənənəsi olmadığı üçün gecikmiş vaxt gəlirlər. Bir dostumun da övladı qəza keçirmişdi, qarın boşluğu tomoqrafiya olunanda limfoma aşkarlandı. Məlum oldu ki, xeyli müddətdir uşaqda limfa düyünləri şişibmiş.

Radiasion şüalar bədəndən keçib gedir, harasa toplanıb qalmır.

- Sizi pasiyentlərlə bağlı ən çox narahat edən məqamlar hansılardır. İnsanlarımıza nələri çatdırmaq istərdiniz?

- Ən çox məni narahat edən məsələ xəstənin özünün heç bir göstəriş olmadan birbaşa radiologiya şöbəsinə gəlib, “aparatlardan keçmək istəməsidir”. Mən istəyirəm ki, başımı MRT edəsiz, KT edəsiz, ya qarın boşluğuma baxın, görüm nə var. Eşidib ki, qonşusu MRT-dən keçib, yırtığı tapılıb. Həkim müayinəsini gözdən çıxarırlar, maddi baxımdan qabağa düşmək istəyirlər.

Biz radioloquq, nevroloq, ginekoloq, LOR deyilik, ayrıca kabinetdə xəstələri qəbul edib şikayətlərinə görə müayinə təyin etməyə imkan yoxdur. Biz müalicə də yazmırıq. Aparata özbaşına düşmək doğru deyil. Hansı aparatın hansı problem üçün təyin olunduğunu həkim bilir. Bəzən həkim də bilmir, bizimlə məsləhətləşir.

Beyində MRT yaxşıdırrsa, ağciyərdə MRT informativ deyil. Bütün orqanları aydın, güzgü kimi göstərən bir aparat yoxdur. Sadə rentgen bəzən MRT və KT-dən yaxşı ola bilər. Travma, zədə, sadə qırıqlarda, sümük problemlərində rentgen kifayətdir.

- Belə yazılara rast gəlirik ki, insan rentgendən, tomoqrafiyadan sonra bədəndə olan radiasiyadan xilas olmaq üçün nələrsə etməlidir. Süd içmək, torpaqda ayaqyalın gəzmək, su, hansısa tərəvəz, şirə? Siz işinizlə bağlı necəsə bu radiasiyanı zərərsizləşdirirsizmi?

- Xeyr, bunlar mifdir. Belə üsullar yoxdur. Radiasion şüalar bədəndən keçib gedir, harasa toplanıb qalmır. Nəsə etməyə gərək yoxdur. Sadəcə düzgün təyinatla müayinə olunsunlar bəs edir.


AYGÜN M.
MEDİCİNA.AZ