Dəm qazı zəhərlənmələrindən necə qorunmalı? - Baş toksikoloqdan məsləhətlər

  • 2018.03.07 14:54
  • 15873 Baxış
Dəm qazı zəhərlənmələrindən necə qorunmalı? -  Baş toksikoloqdan məsləhətlər
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yanvarda 18 nəfər, fevralda 20 nəfər və martda 6 nəfər dəm qazı zəhərlənmələri ilə daxil olub.


Medicina.az APA-a istinadən xəbər verir ki, bu barədə KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.


Dəm qazından zəhərlənən xəstələrin hamısının evə buraxıldığını vurğulayan baş toksikoloq bildirib ki, müraciət edənlərin 70 faizi qadındır: "Yanvarda 2, fevralda 3, martda isə cəmi 1 uşaq dəm qazından zəhərlənib. Bu müddət ərzində şöbədə dəm qazından ölüm faktı qeydə alınmayıb".


Şöbə müdiri dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə tövsiyələr də verib. Onun sözlərinə görə, insanlar qaz cihazlarının yaxınlığında diqqətli olmalı, qaydalara riayət etməlidirlər: "Dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu ancaq təmiz havaya çıxarmaq lazımdır. Dəm qazı zəhərlənmələri əsasən, hamam otağında olur. Bədənin hərarəti düşdüyü üçün xəstənin üstünü örtmək və ona isti su vermək lazımdır. Huşu özündə olmayan insanların isə ağız boşluğunu açaraq seliyi təmizləmək lazımdır ki, nəfəs yolları açılsın. Bundan sonra isə mütləq təcili yardıma xəbər etmək lazımdır. Dəm qazı zəhərlənmələrinin qarşısını almaq mümkündür. İşarə verən xüsusi qurğular var, onlar qaz cihazlarına yerləşdiriləndə dəm qazı əmələ gələrkən işarə verir və qaz verilişi dayanır".


A. Maqsudov qeyd edib ki, bu il fevral ayında 2 nəfər sirkə turşusu, 11 nəfər kəskin allergik reaksiya ilə şöbəyə daxil olub.