Dövlət qurumlarından Omikronla bağlı əhaliyə MÜRACİƏT

  • 26 Yan 2022 15:23
  • 575 Baxış
Dövlət qurumlarından  Omikronla bağlı  əhaliyə MÜRACİƏT
Məlum olduğu kimi COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında bildirilib.

Qeyd edilib ki, hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

25 yanvar 2022-ci ilə olan məlumata əsasən ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 845 510, onlardan 1 895 975-i “Buster” doza vaksinlərin sayıdır.

“Buster” doza (3-cü doza) qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster doza”nın vurulması tövsiyə olunur.

Məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra (“buster”) doza ilə peyvəndləməyə çağırır.