Dünyada meymunçiçəyinə yoluxma 1000 nəfərə çatdı- ÜST-dən həyəcan

  • 10 İyn 2022 15:36
  • 718 Baxış
Dünyada meymunçiçəyinə yoluxma 1000 nəfərə çatdı - ÜST-dən həyəcan


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftələr tədricən yayılan meymunçiçəyi virusunun indiyədək ən azı min nəfərdə aşkarlandığını açıqlayıb.



Medicina.az xəbər verir ki, ÜST-ün baş direktoru Dr. Tedros Adanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən həftəlik toplantıda meymunçiçəyi və COVİD-19 epidemiyası ilə bağlı son məlumatları paylaşıb. Qebreyesus bildirib ki, 29 ölkədə mindən çox yoluxma hadisəsi qeydə alınıb. Ekspert bu günə qədər virusdan heç bir ölüm halının olmadığı məlumatını paylaşıb.

Endemik olmayan ölkələrdə virusun yayılmasının xüsusilə hamilə qadınlar və uşaqlar üçün narahatlıq doğurduğunu vurğulayan Qebreyesus sözlərinə belə davam edib: “ÜST virusun yayılmasının qarşısını almaq üçün yoluxmanın qeydə alındığı ölkələri hər cür səy göstərməyə səsləyirik. Meymunçiçəyinə qarşı təsir göstərən bəzi peyvəndlər və virus əleyhinə dərmanlar var, fəqət onların tədarükü məhduddur. ÜST tibbi ehtiyaclara uyğun olaraq dərman və peyvənd tədarükü üçün əməkdaşlıq mexanizmi hazırlayır”.

Meymunçiçəyinin endemik olduğu ölkələrdə virusun daha ölümcül təsirə malik olduğunu vurğulayan Qebreyesus xatırladıb ki, bu il Afrikada 1400-dən çox yoluxma baş verib və 66 nəfər məhz bu virusdan dünyasını dəyişib:

“Virus yayılmaqda davam edir. Afrikada on illərdir yaşayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət inkişaf etmiş ölkələrdə görünməyə başlayandan sonra bu yeni virusa diqqət yetirir. Virus təhlükəsilə üzləşən bütün cəmiyyətlər eyni diqqətə və qorunma vasitələrdən bərabər istifadəyə layiqdirlər”.

ÜST rəsmisi COVİD-19-a yoluxmaların azaldığını bildirsə də, epidemiyanın sona çatması ilə bağlı xəbərlərin yanlış olduğunu bildirib:

“Daha təhlükəli variant hər an ortaya çıxa və çoxlu insanı müdafiəsiz yaxalaya bilər. Epidemiya hələ bitməyib, epidemiya bitənə qədər bunu deyəcəyik”.

ÜST-nün Epidemiyaya Hazırlıq və Qarşısının Alınması üzrə direktoru Dr. Silvie Briand isə bildirib ki, hazırkı çiçək vaksinlərinin meymunçiçəyinə qarşı nə qədər təsirli olduğunu ölçmək üçün sınaq testləri aparılır. /publika.az/