Dünyanın ən ölümcül yoluxucu xəstəliyi - ÜST-ün dəhşətli statistikası

  • 2025.11.13 20:51
  • 63 Baxış
Dünyanın ən ölümcül yoluxucu xəstəliyi -  ÜST-ün dəhşətli statistikası

Ümumdünya Səhiyyə Təşkilatı vərəmin ötən il 1,23 milyon insanın ölümünə səbəb olduğunu və dünyanın ən ölümcül yoluxucu xəstəliyi olaraq qaldığını açıqlayıb.

Medicina.az xəbər verir ki, ÜST-ün illik hesabatına görə, vərəmlə əlaqəli ölüm halları 2023-cü illə müqayisədə 3 faiz, yoluxma sayı isə təxminən 2 faiz azalıb.

Buna baxmayaraq, 2024-cü ildə dünyada 10,7 milyon insan vərəm xəstəliyinə yoluxub.

Bunlardan 5,8 milyonu kişi, 3,7 milyonu qadın və 1,2 milyonu uşaq olub.



Vərəm ən çox ağciyərlərə təsir edən bakterial xəstəlikdir.

Öskürək, asqırma və ya tüpürcək vasitəsilə havaya buraxılan bakteriyalarla ötürülür.

Keçən il vərəmin qarşısının alınması, diaqnozu və müalicəsinə cəmi 5,9 milyard dollar xərclənib.

Dünya üzrə vərəmə yoluxmanın üçdə ikisi səkkiz ölkədə baş verib. Bu ölkələr Hindistan (25 faiz), İndoneziya (10 faiz), Filippin (6,8 faiz), Çin (6,5 faiz), Pakistan (6,3 faiz), Nigeriya (4,8 faiz), Konqo Demokratik Respublikası (3,9 faiz) və Banqladeşdir (3,6 faiz).



Xəstəliyin əsas risk faktorlarının qidalanma pozğunluğu, HİV infeksiyası, diabet, siqaret çəkmə və spirtli içkilərin istifadəsi olduğu bildirilir.

Vərəm HİV xəstələrində ölümün ən çox yayılmış səbəbidir. Keçən il HİV ilə yaşayan 150.000 insan vərəmdən ölüb.

ÜST-ün məlumatına görə, 2024-cü ildə 8,3 milyon insana vərəm diaqnozu qoyulub və müalicə olunub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir.



Müalicənin uğur nisbəti 68 faizdən 71 faizə yüksəlib. Təşkilat, vaxtında müalicə sayəsində 2000-ci ildən bəri 83 milyon insanın həyatının xilas edildiyini təxmin edir.

Qlobal miqyasda 63 yeni diaqnostik test hazırlanır və 29 dərman klinik sınaqlardadır.

İnsanlar üzərində sınaqdan keçirilən 18 vərəm peyvəndi var, onlardan altısı 3-cü mərhələdədir.

Hazırkı BCG peyvəndi bir əsrdən çoxdur ki, uşaqlara vurulur, lakin böyüklər üçün yeni peyvənd yoxdur.

Aygün
Medicina.az