Duz istehlakı ilə ekzema arasındakı təhlükəli əlaqə üzə çıxdı

  • 2024.06.10 14:30
  • 345 Baxış
Duz istehlakı ilə ekzema arasındakı təhlükəli əlaqə üzə çıxdı
Alimlər həddindən artıq duz istehlakının ekzema riskini artıra biləcəyini aşkarlayıblar.

Medicina.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərindəki Kaliforniya Universitetində aparılan araşdırmada yaşları 30-70 arasında olan 215 min 832 yetkinin sağlamlıq məlumatları araşdırılıb. Bunun üçün “UK Biobank”dan istifadə edilib. Həmçinin onların sidik nümunələri də analiz edilib.

Bu insanların 10 min 839-na artıq ekzema diaqnozu qoyulmuşdu.

“JAMA Dermatology” jurnalında dərc edilən araşdırma natriumun dəridə saxlandığına və bədəndə iltihaba səbəb ola biləcəyinə diqqət çəkib.

Atopik dermatit olaraq da bilinən ekzema dəridə qaşınma, qızartı və səpgi ilə xarakterizə olunan bir xəstəlikdir.

Araşdırma nəticəsində məlum olub ki, gündəlik duz istehlakında 1 qram artım ekzema diaqnozu qoyulma ehtimalını 11 faiz artırır. Duz istehlakının 1 qram artmasının ekzemanın şiddətini 16 faiz artırdığı da məlum olub.

Digər tərəfdən, tədqiqatın aparıcı müəllifi Katrina Abuabara yüksək miqdarda duz istehlakının birbaşa ekzemaya səbəb olduğunu söyləməyin mümkün olmadığına diqqət çəkib:

"Bütün ekzema hallarının duz istehlakı ilə əlaqəli olduğunu düşünmürəm. Hesab edirəm ki, bu, bəzi insanlar üçün risk yaradan amillər arasındadır".

Tədqiqatçı qeyd edib ki, natrium qəbulunun azaldılmasının ekzemanın şiddətini azaldıb-azaltmayacağı hələlik bilinmir:

“Xüsusi bir pəhriz tövsiyə etməzdən əvvəl daha çox araşdırma aparmalıyıq".

Abuabara xüsusilə “fast food” məhsullarında həddindən artıq duz istifadə edildiyini də nəzərə çatdırıb6

"ABŞ-da 31 milyon insan ekzemadan əziyyət çəkir. Gələcəkdə ABŞ-da 10 nəfərdən 1-də ekzema müşahidə oluna bilər".



Aysel