Elektron siqaretlər dövrümüzün məşhur təhlükələrindən birinə çevrilib.
Medicina.az xəbər verir ki, Sakarya Təlim və Araşdırma Xəstəxanasında çalışan professor Dr. Aydemir elektron siqaretlərin son illərdə "epidemiya" kimi yayıldığını bildirib.
Onların digər siqaretlər qədər təhlükəli olduğunu vurğulayan Aydemir elektron siqaretlərin yaratdığı ciddi sağlamlıq problemlərinə diqqət çəkib:
"Elektron siqaretlər zərərsiz deyil. Bu, tamamilə yanlış bir marketinq və satış qavrayışıdır. Mövcud məlumatlar, elmi tədqiqatlar və klinik hallar göstərir ki, elektron siqaretlər də ağciyərlərə ciddi ziyan vurur. Elektron siqaretlərlə əlaqəli ağciyər zədələnməsi ilə müraciət edən və xəstəxanalara, reanimasiya şöbələrinə yerləşdirdiyimiz bir çox xəstəmiz var".
Aydemir əlavə edib:
"Elektron siqaretlərin içərisindəki buxar nikotin, ağır metallar, müxtəlif zərərli kimyəvi maddələr, zəhərli maddələr və qazlar ehtiva edir. Elektron siqaretlərin uzun müddət istifadəsi ağciyərlərə dönməz daimi ziyan vura bilər".
Elektron siqaretlərin siqareti tərgitmək üçün bir üsul olmadığını vurğulayan Aydemir sözünə davam edib:
"Elmi məlumatlar və tədqiqatlar da bunu deyir. Siqareti tərgitməyi düşünən xəstələrimizdən elektron siqaretlərə müraciət etmək əvəzinə, həkimə müraciət etmələrini xahiş edirik".
Aydemir elektron siqaretlərin tərkibində asılılıq yaradan maddələr olduğunu və onların kartriclərinin keyfiyyətsiz və ucuz olduğunu, həmçinin ağciyərlərə ciddi ziyan vuran, istehsal prosesləri bilinməyən, gigiyenik olmayan mühitlərdə hazırlanan zərərli maddələr ehtiva etdiyini deyib.
Gənclərə tütün məhsullarından və elektron siqaretlərdən uzaq durmağı tövsiyə edən Aydemir aşağıdakıları qeyd edib:
"Elektron siqaretlər, adi siqaretlər kimi ətrafdakılara zərər verir. Xüsusilə qapalı məkanlarda elektron siqaret tüstüsünə uzun müddət məruz qalmaq həmin mühitdəki insanlara təsir göstərər. Elektron siqaret tüstüsü astma və allergiya xəstələrinə, xüsusən də bu tip maddələrə reaksiya verənlərə ciddi təsir göstərir. Bu pis vərdişlər başladıqdan sonra tərgitmək həqiqətən çətindir. Bunlara maraq və ya təqlid üçün başlamamalıdırlar."
Aygün
Medicina.az