Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda nə baş verir? – Həkimlərdən direktora ittihamlar və rəsmi CAVAB

  • 2026.01.08 16:44
  • 970 Baxış
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda nə baş verir?  – Həkimlərdən direktora ittihamlar və rəsmi CAVAB

Səhiyyə Nazirliyi tabeliyində Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan son aylar etiraz və şikayətlər artmaqdadır.


“Medicina” xəbər verir ki, həkim-radioloq vəzifəsində çalışan Abdullayev Ramil musavat.com-a üz tutaraq, institutda özbaşınalıq, haqsızlıq və faiz tələbinə görə direktor Mətanət Əfəndiyevanı ittiham edib. R.Abdullayevin sözlərinə görə, son bir neçə ay ərzində direktor ondan hər ay aldığı bonusların yarısını ona verməsini tələb edib, imtina etdikdə isə açıq şəkildə bildirib ki, pul verib sənin yerinə işə düzəlmək istəyənlər çoxdur:
"Xəstəxanada yeganə həkim-rentgenoloq olduğum üçün üzərimə düşən iş yükü normadan artıqdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu səbəbdən bonuslar ödənilir.

Bonusun yarısını verməkdən imtina etdiyim üçün direktor tərəfindən qanunsuz şəkildə mənə gündə 25 müayinədən artıq etməyə qadağa qoyulub, xəstələrə talon verilməsi dayandırılıb. 2025-ci ilin oktyabr ayında məzuniyyətdə olduğum müddətdə direktor qanunsuz olaraq əlavə həkim-rentgenoloq ştatı açmış, saxta müsabiqə təşkil edərək, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsini radioloq kimi işə götürüb.

Bununla yanaşı, 26 noyabr 2025-ci il tarixində radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməyimlə bağlı müraciət etsəm də, ekspert komissiyasının mənim xeyrimə verdiyi qərara baxmayaraq, direktor sərəncam verməkdən imtina edib. 25 dekabr 2025-ci il tarixində isə mənim iştirakım olmadan qanunsuz iclas keçirərək dövlət sənədlərini saxtalaşdırıb, məni işdən çıxarıblar.

Bundan əlavə, direktorun rəhbərliyi dövründə xəstəxana üçün alınan avadanlıqların iki-üç dəfə baha qiymətə, saxta tenderlər yolu ilə əldə edilməsi, dövlət vəsaitinin israf olunması halları mövcuddur. 2019-cu ildən etibarən xəstəxanada rentgen texniki olmadan tək fəaliyyət göstərmiş, dəfələrlə müraciət etməyimə baxmayaraq bu problem aradan qaldırılmamış, mən həm həkim, həm də texnik kimi işləməyə məcbur edilmişəm. Təsəvvür edin ki, bu il 9 oktyabr tarixində kabinetimdə rəhbərlik tərəfindən yerləşdirilmiş dinləyici qurğu aşkar edildi. Kabinetimin açarının digər nüsxəsi isə, xəstəxananın təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidə olub. Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Qeyd etdiyim faktlar yaxından araşdırılsa, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda hansı qanunsuzluqların baş verdiyi üzə çıxar”.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti olmuş, həkim-nevroloq Mərziyyə Məmmədova da Elmi Tədqiqat Bərpa İnstitutundan xüsusi maddə ilə qanunsuz işdən çıxarılması, orda xəstələrin qəbulu və həkimlərin ştatlarına və maaşlarına müdaxilələr barədə şikayət etmiş, məhkəməyə müraciət etmişdi.

Məsələ ilə bağlı medicina.az saytının Elmi Tədqiqat Bərpa İnstitutuna ünvanladığı sorğuda bildirilir ki,həkim-radioloq Ramil Abdullayev tərəfindən səsləndirilən müraciətdə qeyd olunan məsələlər institut tərəfindən araşdırılıb və müvafiq qanunvericiliyin tələbləri çərçivəsində qiymətləndirilib: “Qeyd olunan iddialar, o cümlədən kadr təyinatları, əmək münasibətlərinə xitam verilməsi, bonusların ödənilməsi, satınalmaların təşkili və idarəetmə fəaliyyəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Dövlət satınalmaları haqqında” Qanuna və digər normativ-hüquqi aktlara uyğun şəkildə həyata keçirilir.

Məlumat üçün bildiririk ki, institutun sabiq əməkdaşı Məmmədova Mərziyyə Yusif qızı tərəfindən əmək münasibətlərinin bərpası ilə bağlı qaldırılmış iddia Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2974/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iddia tələbləri məhkəmə tərəfindən rədd edilmişdir. Bu fakt əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyini təsdiq edir.

Eyni zamanda vurğulayırıq ki, hər bir tibb işçisi öz hüquqlarının pozulduğunu hesab edərsə və ya konkret qanun pozuntusu ilə bağlı iddia irəli sürərsə, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanlarına, o cümlədən hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etmək hüququna malikdir. Hüquqi dövlətdə bu kimi məsələlər yalnız səlahiyyətli qurumlar tərəfindən, faktlar və sübutlar əsasında araşdırıla bilər.

Onu da diqqətə çatdırırıq ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəhbərliyinə hər hansı informasiya portalı tərəfindən rəsmi müraciət daxil olmayıb”.

Aygün Musayeva
MEDİCİNA.AZ