“Fikrət Namazov koronavirusa ad günündə yoluxmayıb"– Onkoloqun ailəsindən ETİRAZ

  • 2020.06.22 17:11
  • 9173 Baxış
“Fikrət Namazov koronavirusa ad günündə yoluxmayıb" – Onkoloqun ailəsindən ETİRAZ


Ötən həftə Azərbaycanda koronavirus səbəbindən dünyasını dəyişmiş həkimlər siyahısına ATU Onkologiya klinikasının həkimi, onkoloq, dosent Fikrət Namazov da əlavə olundu və onun ölümü Azərbaycan tibb aləmi üçün böyük itki idi.

Qeyd edək ki, mətbuat və sosial şəbəkələr həkimin vəfatı ilə bağlı məlumat alan kimi onun koronavirusdan vəfat etdiyini qeyd edərək paylaşıb..

Lakin növbəti gün Operativ Qərargahın Brifinqində TƏBİB sədri vəfat edən həkimlə bağlı suala cavabda və açıqlamasında həkimin ad günü məclisində iştirak edərək, orda koronavirusa yoluxduğunu bildirdi. Bundan sonra KİV həmin informasiyanı tirajlayaraq yayıb.

Görünür, Təbib sədrinə də bu məlumatı həkimin çalışdığı Onkoloji klinika rəhbərliyi çatdırıb. Virusdan vəfat edən həkimin iş başında xəstələrindən yoluxa biləcəyi ehtimalı nəyə görəsə ciddi-cəhdlə arxa plana atıldı. Hər halda burda qaranlıq məqamlar çoxdur.

Medicina.az xəbər verir ki, bu yanlış xəbər həkimin ailəsini, doğmalarını həm təccübləndirib, həm də hiddətləndirib.

Onlar yayılan bu informasiyanın yalan olduğunu bildirərək, yayılan məlumatları təkzib edir və buna rəsmi şəkildə də təkzib verilməsini tələb edirlər.

Lakin hələ ki, nə ATU mətbuat xidməti, nə də TƏBİB tərəfindən bu barədə açıqlama verilməyib.

Ona görə də ailə medicina.az vasitəsilə əhaliyə və KİV-ə öz təkzibini çatdırmaq qərarına gəldi.


Medicina.az Fikrət Namazovun ailəsinin açıqlamasını təqdim edir:

“Artıq 7 gündür ki, Azərbaycanın tanınmış onkoloq-cərrahı Namazov Fikrət Rauf oğlu amansız xəstəlik Covid19 üzündən haqq dünyasına qovuşub.
Çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, kütləvi informasiya vasitələrində həkimin hansı şəraitdə bu xəstəliyə yoluxduğu barəsində əsassız şayiələr yayıldı.


Onlardan bir neçəsi həkimin karantin qaydalarına əməl etmədiyini və xəstəliyə məhz guya hansısa tədbirdə (ad günündə, insan kütləsilə təmasdan və s.) yoluxduğu qeyd edirlər.

Nəzərinizə çatdırım ki, bugünkü gündə heç kim virusa harada və necə tutula biləcəyi və ya bilməyəcəyi barədə dəqiq məlumat verə bilməz. Mən buna misal olaraq, onlarla məşhurları, həkimləri, körpələri, hətta TƏBİB-in rəsmilərinin öz yaxinlarının bu virusa tutulmalarını qeyd edə bilərəm. Bəs əgər belədirsə, niyə həkimin bu virusa tutulmağı bu gün yersiz müzakirədədir?


Fikrət Namazovun bu virusa haradan və hansı şəraitdə, hansı xəstəsini muayinə edərkən yoluxduğu məlum deyil. Mən çox böyük əminliklə qeyd edə bilərəm ki, həkim respublikamızda karantin vəziyyəti elan olunduqda bütün gigiyenik qaydalara riayət etmiş həm özünü, həm də ailə ailəsini, yaxınlarını və ən əsas muaiyinə etdiyi onkoloji xəstələri düşünərək addımlar atmışdır.

Pandemiya elan olunan zaman həkim ailə üzvlərinə demişdir ki, hətta onun yaşı risk qrupuna aid olsa belə, Covid-19 xəstəliyinə yoluxmuş xəstələr arasında onkoloji xəstə olarsa, hər bir riski göz altına alıb, xəstələri muayinə edəcək. Əgər bir həkim özünu bu xalqa fəda edibsə, hər bir zaman dovlətinə, xalqına layiqincə xidmət edibsə, belə bir xəbəri yaymaqda məqsəd nədir?


Yüzlərlə xəstəsinin sevimlisinə çevirilən həkimin yaddaşlarda məsuliyyətsiz bir həkim kimi qalması onun ruhuna hörmətsizlik və ailəsinə mənəvi zərbədir. Əgər o ad günündə olubsa, bundan bizim niyə xəbərimiz yoxdur, o hansı ad günü olub və jurnaıistlərə niyə belə dezinformasiyalar verilir?

Bu gün üzülərək qeyd edirəm ki, həkimin hansısa tədbirdə yoluxduğu barədə məlumat yayanları pisləyir və etiraz edirik.

Əminik ki, dövlət vətəndaşlarının hüquqlarının qorunmasının qarantıdır və bu məsələdə heç kimin şərəf və ləyaqəti alçaldıla bilməz”.




“Fikrət Namazov koronavirusa ad günündə yoluxmayıb" – Onkoloqun ailəsindən ETİRAZ