Göyçayda faciə: uşaq ana bətnində ölüb - Hamiləni USM edən tapılmadı

  • 2026.06.01 15:50
  • 90 Baxış
Göyçayda faciə: uşaq ana bətnində ölüb  - Hamiləni USM edən tapılmadı


Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində hamilə qadının bətnindəki körpənin öldüyü iddia olunur.


Medicina.az xəbər verir ki, Bakupost.az-ın məlumatına görə, bu barədə Göyçay rayonunun Yalman kənd sakini Yusif Zahidov məlumat yayıb.


Onun sözlərinə görə, mayın 27-də həyat yoldaşını Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə yerləşdirilib. Şikayətçi bildirir ki, xəstəxanada ultrasəs müayinəsi (UZİ) aparmaq imkanı olmadığı barədə onlara əvvəlcədən məlumat verilməyib və müayinə yalnız uşağın ürək döyüntülərinin dinlənilməsi ilə məhdudlaşıb:

“Yoldaşımı həkim-ginekoloq Səbinə həkimə təhvil verdik. Düşündük ki, həkim nəzarətində daha yaxşı baxılacaq. Sonradan məlum oldu ki, xəstəxanada UZİ aparatı yoxdur. Xəstəyə lazımi şəkildə baxılmayıb, yalnız cihazla uşağın ürək döyüntüləri dinlənilib”, – deyə Y.Zahidov bildirib.


Onun sözlərinə görə, həkimlər ana və uşağın vəziyyətinin normal olduğunu bildiriblər:

“Növbəti gün növbəni təhvil alan həkim-ginekoloq Yeganə həkim də UZİ müayinəsi aparmadan baxış keçirdi. Halbuki biz dəfələrlə müayinə olunmasını tələb edirdik. Bizə “bayram günüdür, həkimlər evdədir, UZİ edə bilmirik, heç bir problem yoxdur” deyərək yola verdilər.

Valideynim həyat yoldaşımı başqa özəl tibb müəssisəsində müayinə etdirmək istədiyini desə də, buna imkan vermədilər. Üstəlik, onunla kobud davranaraq şöbədən çıxardılar”.

Şikayətçinin sözlərinə görə, bir müddət sonra onlara körpənin ana bətnində öldüyü xəbəri verilib:

“Körpə təxminən 8 saat ana bətnində ölü vəziyyətdə qalıb və bu müddətdə həkimlər tərəfindən lazımi tədbirlər görülməyib. Hətta öz həkimi Leyla Əliyeva da bayram günü olduğunu əsas gətirərək xəstəxanaya gəlməyib.
Hesab edirəm ki, vaxtında UZİ müayinəsi aparılsaydı və ya bizə düzgün məlumat verilsəydi, körpəni xilas etmək mümkün olardı. Lakin nə özləri lazımi müayinə apardılar, nə də bizə başqa yerdə müayinə etdirməyə imkan verdilər”.

Y.Zahidov hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib:
“Həkimlər Leyla Əliyeva, Səbinə və Yeganə barəsində cənab Prezidentə, Baş Prokurorluğa və digər aidiyyəti qurumlara müraciət edirəm. Onlar barədə ciddi tədbir görülməsini xahiş edirəm”.