Türkiyəli baş-boyun cərrahiyyəsi üzrə mütəxəssis Dr. Gökhan Kutlar qırtlaq xərçənginin erkən diaqnozunun müalicənin uğuruna birbaşa təsir etdiyini bildirib.
Medicina.az xəbər verir ki, o, xüsusilə gündə yarım qutu və ya daha çox siqaret çəkənlərin ildə iki dəfə endoskopik səs telinin, qulaq-burun-boğaz müayinəsindən keçməli olduqlarını söyləyib.
Dr. Kutlar qırtlaq xərçənginin səs tellərində və ətraf toxumalarda bədxassəli şişlərdən inkişaf etdiyini və siqaret çəkməyin bu xəstəliyin əsas səbəbi olduğunu xatırladıb.
O, gündə yarım qutudan çox siqaret çəkən şəxslərdə riskin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Doktor Kutlar xəstəliyin ən çox səs xırıltısı, boğazda bir şeyin ilişib qalması hissi, udma çətinliyi və davamlı boğaz ağrısı kimi simptomlarla özünü göstərdiyini bildirərək, xüsusilə siqaret çəkənlərin bu şikayətlərə ciddi yanaşmalı olduqlarını vurğulayıb.
Doktor Kutlar qeyd edib ki, erkən diaqnoz qoyulduqda qırtlaq xərçəngi lazer terapiyası ilə 90%-dən çox uğur nisbəti ilə müalicə edilə bilər:
“Müalicənin uğuru xəstəliyin erkən mərhələlərində aşkarlanmasından asılıdır. Buna görə də, 40 yaşdan yuxarı və çox siqaret çəkən şəxslərin ildə ən azı iki dəfə qulaq-burun-boğaz və endoskopik səs telləri müayinəsindən keçməsi vacibdir. Erkən diaqnoz həyatları xilas edir”.
Aygün