H3N2 xəbərdarlığı: Virus çox sürətlə yayılır

  • 2025.11.14 09:04
  • 75 Baxış
H3N2 xəbərdarlığı:  Virus çox sürətlə yayılır

Qlobal səhiyyə mütəxəssisləri iyun ayında ortaya çıxan yeni H3N2 ştammının Şimal yarımkürəsində sürətlə yayılması səbəbindən xəbərdarlıq ediblər.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Tənəffüs Təhlükələri Bölməsinin rəhbəri Dr. Venqinq Çjanq iyun ayında ortaya çıxan yeni H3N2 ştammının "çox sürətlə yayıldığını və bəzi ölkələrdə dominant hala gəldiyini" bildirib.

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin rəhbəri Ceyms Maki də qrip hallarının ötən illə müqayisədə üç dəfə artdığını bildirib və əlavə edib ki, ölkə çətin qış keçirir.



Mütəxəssislər Kanadada oxşar artım olduğunu bildiriblər və Yaponiyada görünməmiş qrip hallarını qeyd ediblər.

Tokioda qripə yoluxma ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə artıb və ölkə daxilində 2300-dən çox məktəb və uşaq bağçası qismən bağlanıb.

Alimlər H3N2-nin A qripi kimi təsnif edildiyini açıqlayıblar.

Qlobal səhiyyə orqanları hər ilin fevral ayında payızda vurulacaq qrip peyvəndlərinin tərkibini müəyyən edir.



Bu ilki peyvənd iki qrip A ştammına və bir qrip B ştammına qarşı qoruyur.

Peyvənd infeksiyanın qarşısını tamamilə almasa da, xəstəxanaya yerləşdirmə riskini azaldır.

Birləşmiş Krallıqda dərc olunmuş ilkin nəticələr göstərir ki, bu ilki peyvənd yetkinlərdə xəstəxanaya yerləşdirmə hallarının 40 faizinə qədərinin qarşısını ala bilər.

Aygün
Medicina.az