Hacıqabulda 10 ildir rentgen, MRT, KT yox idi - Ən gənc xəstəxana direktoru

  • 2024.03.05 15:33
  • 756 Baxış
Hacıqabulda 10 ildir rentgen, MRT, KT yox idi  - Ən gənc xəstəxana direktoru

Ümumiyyətlə, rayonda insanların həkimlərə münasibəti bir qədər fərqlidir. Sözün hər iki mənasında həkimin nüfuzu, onun haqqında müsbət və ya mənfi rəylər daha sürətlə yayılır. Amma bir həqiqət var ki, əhali yaxşı həkimə inanır və hər zaman ondan xidmət almaqda maraqlı olur. Müəssisədə onkoloq, infeksionist, dermatonevroloq fəaliyyətə başladıqdan sonra müraciətlər daha da çoxalıb. Bugünkü gündə müəssisədə çalışan həkimlər əhali tərəfindən çox sevilir və onlara müraciət sayları da qənaətbəxş olur.


"Medicina" xəbər verir ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru, gənc həkim-infeksionist Natiq Əliyev açıqlamasında bildirib.


"Xəstəxanada müxtəlif ixtisaslar üzrə kifayət qədər həkimlərimiz mövcuddur. Nəzərə almaq lazımdır ki, rayon əhalisinin tibbi xidmətə ehtiyacının qarşılanması üçün sözügedən ərazilərdə həkimlərə ehtiyac Bakıdan daha çoxdur. Hacıqabul Bakıdan 40-45 dəqiqəlik məsafədə yerləşir. Eyni zamanda müəssisədə çalışan əməkdaşların əməkhaqqıları da yüksəkdir. Tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən aylıq vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Müəssisədə çalışan əksər həkimlər maaşlarından əlavə olaraq 1 500-2 000 manat civarında bonus alırlar.



Hacıqabul əhalisi ilə vaxtaşırı görüşlər keçiririk və onların ehtiyaclarını öyrənərək xidmətləri aktivləşdirməyə çalışırıq. Rayonda son 10 il ərzində şüa-diaqnostika fəaliyyət göstərməyib. Artıq bu istiqamətdə işlərə start verilib və müəssisədə USM, rentgen üzrə mütəxəssislər fəaliyyətə başlayıb və əhaliyə xidmət göstərirlər. Yaxın gələcəkdə müəssisədə KT və MRT fəaliyyətinin də təmin olunması nəzərdə tutulub.



Tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinin də fəaliyyəti intensivləşib. Bölməyə 2023-cü ilin sentyabr, oktyabr ayları ərzində ay ərzində müraciət sayı 100-200 olurdusa, hazırda ay ərzində müraciət sayı 2 000-ə yaxın, bəzən isə 2 000-dən artıq olur. Hacıqabul magistral yolda olduğu üçün travmalar səbəbilə müraciətlər qeydə alınır.

Eyni zamanda respirator infeksiyalarla bağlı da müraciətlər daxil olur. Təcili tibbi yardımın işinin intensivləşməsi üçün xüsusi briqadalar yaradılıb. Daxil olan müraciətlər məntəqələrə ötürülür və məntəqə əməkdaşları tərəfindən vətəndaşlara xidmət göstərilir. Ağır vəziyyətdə olan şəxslərə isə təcili tibbi yardım briqadaları yönləndirilir.


Hazırda Reanimasiya, Cərrahiyyə şöbələri və Əməliyyat blokunun təmiri davam etdirilir. Həmçinin Pediatriya şöbəsinin yaradılması istiqamətində də işlər görürük. Poliklinika şöbəsində 6 pediatr, əlavə olaraq Təcili tibbi yardım bölməsində də pediatrik baxış üçün 2 pediatr fəaliyyət göstərir.



Yaxın günlər ərzində Hacıqabul Regional Mikrobiologiya Mərkəzinin qurulması nəzərdə tutulub. Mərkəzdə Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Şirvan əhalisi üçün zəruri tibbi xidmətlərin göstərilməsi mümkün olacaq. Hazırda sözügedən istiqamətdə danışıqlar aparılıb. Tikinti və digər işlərin icrası üçün proses davam etdirilir".

MEDİCİNA.AZ