Hamiləlikdə ən çox verilən suallardan biri “Cinsi əlaqə dölə zərər verə bilərmi?”dir.
Medicina.az xəbər verir ki, ginekoloq-cərrah Aynurə Abdullayeva bununla bağlı paylaşım edib.
Həkimin sözlərinə görə, sağlam və normal gedən hamiləlikdə cinsi əlaqə dölə zərər vermir:
"Döl ana bətnində xüsusi qorunma altındadır:
• Uşaqlıq əzələləri onu xarici təsirlərdən qoruyur
• Amniotik maye (su) zərbələri yumşaldır
• Uşaqlıq boynu selikli tıxacla bağlı olur və infeksiyalardan qoruyur.
Bu səbəbdən cinsi əlaqə zamanı dölə birbaşa təsir mümkün deyil. Amma hər hamiləlik fərqlidir. Aşağıdakı hallarda cinsi əlaqə məhdudlaşdırıla bilər və ya tam qadağan oluna bilər:
• Vaginal qanaxma və ya ləkələnmə varsa
• Uşaqlıq boynunda qısalma və ya açılma riski varsa
• Erkən doğuş təhlükəsi mövcuddursa
• Plasenta aşağı yerləşibsə (plasenta previa)
• Serklyaj (uşaqlıq boynuna tikiş) qoyulubsa.
Bu hallarda mütləq həkim məsləhəti vacibdir".
Cərrah əlavə edib ki, cinsi əlaqədən sonra yüngül sancı, qısa müddətli qarın sərtləşməsi bəzən normal hesab olunur:
"Amma şiddətli ağrı, qanaxma, su gəlməsi olarsa, gecikmədən həkimə müraciət edin. Unutmayın, hamiləlik xəstəlik deyil, amma diqqət tələb edən xüsusi bir dövrdür. Özünüzü rahat hiss etdiyiniz və həkiminizin icazə verdiyi hallarda cinsi həyatınıza davam edə bilərsiniz".
Aygün
Medicina.az