Çinin Hunan əyalətində yaşayan və 25 yaşında olmasına baxmayaraq, nadir bir genetik xəstəlik səbəbindən cəmi 66 santimetr boyu olan, yaşlı körpəyə bənzəyən Vanq Cunminqin həyat mübarizəsi milyonlarla insanı göz yaşlarına boğub.
Medicina.az xəbər verir ki, Vanq Cunminq nadir bir genetik xəstəlik səbəbindən cəmi 66 santimetr boyundadır. Onun zehni inkişafı da yaşıdlarından çox geridədir, idrak qabiliyyətinin uşaq səviyyəsində olduğu deyilir.
İllərdir ailə onun xəstəliyinin səbəbini öyrənə bilmirdi və maddi çətinliklər üzündən müalicə almaqda çətinlik çəkirdi. Tikinti işçisi olan atasının aşağı gəliri Vanqın xüsusi müalicə xərclərini ödəməyə kifayət etmirdi.
Vanqın hekayəsi 21 yaşlı bacısı Xiaolinqin sosial media paylaşımları sayəsində geniş auditoriyaya çatıb.
Qardaşının gündəlik həyatını, qayğı prosesini və üzləşdikləri çətinlikləri paylaşan gənc qadın tez bir zamanda minlərlə izləyici qazanıb.
Uşaqlıqdan bəri qardaşına böyük bir bağlılıq hiss etdiyini bildirən Xiaolinq, "Həyatımın sonuna qədər ona qayğı göstərəcəyəm" sözləri ilə diqqət çəkib.
Sosial mediada yayılan videolardan sonra bir çox insan ailəni dəstəkləmək üçün hərəkətə keçib.
Həkimlərin müayinələri Vanqın böyümə və inkişafa təsir edən hipofiz hormonu çatışmazlığı ilə əlaqəli nadir bir genetik pozğunluğu olduğunu ortaya qoyub. Mütəxəssislər bu vəziyyətin dünyada çox az sayda hallarda müşahidə olunduğunu bildirirlər.
Müalicə prosesi davam etdikcə Vanqın gələcəyi ilə bağlı qəti bir proqnoz olmasa da, həkimlər hormon terapiyasının onun həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini söyləyirlər. Bu arada Xiaolinq qardaşını tək qoymayacağını və həm işləməyə, həm də müalicəsi üçün gəlir əldə etməyə davam etməyi planlaşdırdığını deyir.
Aygün
Medicina.az