İmperial Kollecinin London şöbəsinin həkimi və tədqiqatçısı Federika Amati xərçəngin qarşısını almaq üçün balıq, tərəvəz, meyvə və tam taxıllara əsaslanan, minimum emal olunmuş ətlə pəhriz tövsiyə edib.
Medicina.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, optimal pəhriz zülal mənbələrinin balıq və bitki qidaları olduğu, quş əti və qırmızı ətin həftədə 1 dəfə yeyildiyi pəhrizdir.
Bu dieta xroniki xəstəliklərin daha aşağı riski ilə əlaqəli olan Aralıq dənizi pəhrizinə bənzəyir.
Amati gündəlik ən azı üç porsiya tam taxıl və beş və ya daha çox porsiya meyvə və tərəvəz daxil etməyi tövsiyə edir. Yağlı balıq, kətan toxumu və qoz kimi omeqa-3 yağ turşularının mənbələri də pəhrizin vacib bir hissəsi olmalıdır.
Bundan əlavə, həkim lobya, mərcimək və digər paxlalılar kimi liflə zəngin qidaları müntəzəm olaraq qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu qidalar bağırsaq mikrobiomunun müxtəlifliyinin qorunmasına kömək edir.
Eyni zamanda, mütəxəssis riskləri azaltmaq üçün emal olunmuş ətlərin və hazır qidaların istehlakını mümkün qədər məhdudlaşdırmağın vacibliyini vurğulayır. O deyir ki, belə bir pəhriz sağlamlığı qorumağa kömək edir və xərçəng inkişaf riskini azaldır.
Aygün Musayeva