Həkimlər reseptə bioloji əlavələri və vitaminləri dərman kimi yazmamalıdır – Səhiyyə nazirliyi rəsmisi

  • 2023.02.24 15:42
  • 1813 Baxış
Həkimlər reseptə bioloji əlavələri və vitaminləri dərman kimi yazmamalıdır  – Səhiyyə nazirliyi rəsmisi


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyov apa-ya açıqlamasında dərman və reseptlərlə bağlı bir çox məsələlərə açıqlama verib.

“Medicina” xəbər verir ki, o, Azərbaycanda dərman qıtlığı, firma dərmanları, dərmanların keyfiyyəti və həkimlərin resepti düzgün yazmamasından danışıb.

“Dərman vasitələrinin aktiv və passiv fazası olur. Həm mövsümdən, həm də xəstəliklərin çoxalıb-azalmasından asılı olaraq, müəyyən dərman vasitələrinin apteklərdə azlığı və yaxud bəzi vaxtlarda olmaması müşahidə oluna bilər. İndiki vaxtda həm müharibə (Rusiya-Ukrayna - red.), həm enerjidaşıyıcılarının qiymətinin artması özlüyündə logistika xərclərinin, dərman vasitələrinin xammal qiymətinin qalxmasına səbəb olur.


Eyni zamanda, müharibə ilə əlaqədar olaraq logistik yolların dəyişməsi qlobal təchizat sistemində qırılmalara səbəb olub. COVID-19 hələ başa çatmayıb, bununla yanaşı, təkcə bizim ölkədə yox, bütün ölkələrdə eyni vaxtda respirator xəstəliklərin artması istehlakçılara bu tip dərmanların çatdırılmasında problem yaradıb. Yəni həm istehlak dəfələrlə artdığına, həm də istehsalda yaranan axsamalara görə bu problem yaşanır.


Digər bir məsələ də bəzən dərman vasitələrinin ticarət adı ilə reseptə yazılmasıdır. Bu zaman xəstələr hansısa ticarət adı ilə yazılmış dərmanı tapmaqda çətinlik çəkirlər. Halbuki digər ölkələrin istehsalı olan təsiredici maddələr eyni, həmçinin müxtəlif qiymətdə olan dövlət qeydiyyatından keçmiş digər dərman vasitələri olur. Bu zaman da istehlakçılar ticarət adı ilə tapa bilmədiklərinə görə elə bilirlər ki, dərman yoxdur.


Bütün dərman vasitələri laboratoriyada yoxlanılır və yalnız keyfiyyəti təsdiqləndikdən sonra sertifikat verilərək satışına icazə verilir. İstehsal olunan dərman vasitəsi ölkələr üçün ayrı-ayrılıqda istehsal edilmir. Bütün dərmanlar bir xətt üzrə istehsal olunur və sadəcə, qutu fərqi olur. Dərmanın tərkibi, təsiredici maddəsi, dozası eyni olur.

Bir məqam var ki, bəzən xəstələr dərman vasitələri ilə bioloji qida əlavələrini səhv salırlar. Bəzən həkim də səhv edərək bioloji qida əlavəsini reseptə və yaxud tövsiyə kağızına yazır. Bu zaman xəstələr də həmin bioloji qida əlavələrini dərman bilib alırlar. Müalicəvi effektini görmədikdə isə deyirlər ki, dərman vasitəsi keyfiyyətli deyil. Lakin bioloji qida əlavələri dərman vasitələri deyil, müalicəvi effekti yoxdur.

Onlar ancaq orqanizmin gücləndirilməsi, qida rasionunun zənginləşdirilməsi üçün istifadə oluna bilər. Bizə gələn şikayət və müraciətlərin də əksəriyyəti bioloji qida əlavələrinin dərman vasitələri ilə səhv salınması ilə bağlı olur”.

Aygün M