Homosistein və onun ürək-damar xəstəliklərinin patogenezində rolu

  • 2023.02.21 15:08
  • 3057 Baxış
Homosistein və onun ürək-damar xəstəliklərinin  patogenezində rolu

Homosistein (HS) amin turşusudur, orqanizmdə sintez olunmur və qida məhsullarının tərkibində yoxdur.

O, əvəzolunmaz amin turşusu olan və qida məhsulları ilə daxil olan metioninin çevrilmə məhsuludur. Metioninin əsas qida mənbələri: ət, yumurta, süd məhsulları, kəsmikdir. Homosistein toksik maddə olduğundan hüceyrədə onu xaric edən mexanizmlər mövcuddur.

Normada metioninin metabolizmi zamanı əmələ gələn homosistein sağlam orqanizmdə sistein, qlütation yaxud yenidən metioninə çevrilərək zərərsizləşdirilir. Lakin bəzi patoloji vəziyyətlərdə homosisteinin çevrilməsi pozulur, o qanda artıq miqdarda toplanır, homosisteinemiya yaranır.



Hansı hallarda qanda HS səviyyəsi artır?
-fol turşusu, vitamin B6,B12-nin defisiti: HS-nin metabolizmi - sistein yaxud yenidən metioninə çevrilməsi birbaşa bu vitaminlərdən asılıdır
-fol turşusunun qeyri-aktiv formasını onun aktiv forması olan metiltetrahidrofolata çevrilməsini təmin edən 5, 10 metilentetrahidrofolatreduktaza fermentinin genetik defekti yaxud aktivliyinin zəifləməsi
-homosisteinuriya (HS-nin metabolizmində iştirak edən fermentlərin genetik defekti) -orqanizmə metionin çox daxil olduqda (heyvan mənşəli qidalara üstünlük verildikdə)
-neoplastik proseslər, hipotireoz, psoriazın ağır gedişatı

-sitostatiklərin , estrogentərkibli hamiləlikəleyhinə preparatların, epilepsiyaəleyhinə preparatların qəbulu -tütün, alkoqol və kofedən sui- istifadə
-böyrək xəstəlilikləri (HS böyrəklər vasitəsilə xaric edilir).

Qanda toplanmış HS-nin əsas hədəfi damar endotelisidir: o ilk növbədə damarların iç qişasını zədələyir, tromboksan A-nın sintezini və trombositlərin aqreqasiyasını sürətləndirir, prokoaqulyant aktivliyə malikdir. Zədələnmiş endotelidə iltihab prosesi inkişaf edir və həmin iltihablaşmış nahiyəni bərpa etmək üçün orqanizm tərəfindən tikinti materialı qismində xolesterin və kalsium səfərbər olunur. Göründüyü kimi, xolesterin tərkibli aterosklerotik düyünlərin əmələ gəlməsi artıq ikincili prosesdir, birincili səbəb isə homosisteinin səviyyəsinin artması və damardaxili divarın zədələnməsidir. Beləliklə, homosisteinemiya ürək-damar xəstəliklərinin inkişafında çox mühüm risk faktorudur.

Homosisteini 1932-ci ildə De Vigneud kəşf etmişdir, daha sonra homosisteinuriya sindromu aşkar olunmuşdur. Mak Cully qanında yüksək səviyyədə HS olan xəstələri dərindən tədqiq etmiş və hiperhomosisteinemiya ilə ağır damar xəstəliklərinin arasında birbaşa əlaqə olduğunu aşkarlamışdır. Bu tədqiqatlar onun 1975-ci ildə təklif etdiyi aterosklerozun homosistein teoriyasının əsasını qoymuşdur. Bu teoriyaya əsasən, homosisteinin səviyyəsi, vitamin çatışmazlığı və ürək xəstəlikləri arasında sıx əlaqə var.


Çoxsaylı tədqiqatların nəticələrinə əsasən, plazmada HS-nin səviyyəsinin 5 mkmol/l artması ürək-damar patologiyasının inkişaf ehtimalını 1,3-1,7 dəfə artırır. Bundan əlavə, Alsheymer xəstəliyinin yaranması, şəkərli diabet olan xəstələrdə müxtəlif damar fəsadların (nefropatiya, retinopatiya, mikroangiopatiya) əmələ gəlməsi daha tez-tez rast olunur. Digər laborator müayinələrlə yanaşı (xolesterin, fibrinogen, yüksək və aşağı sıxlıqlı lipoproteidlər, C-reaktiv zülal) ürək-damar patologiyaları üzrə risk qrupundan olan pasiyentlərdə homosisteinin səviyyəsinin təyini çox vacibdir.

Daha hansı hallarda HS səviyyəsinin təyini vacibdir?
-homosisteinuriyaya irsi meyillik olduqda uşaqda xəstəliyin diaqnostikası üçün
-yaxın çevrədə insult və infarktdan tez dünyasını dəyişənlər olduqda -vitamin B6, B12 və fol turşusu qıtlığı ilə müşahidə edilən yanlış qidalanma zamanı
- sorulma prosesinin pozulması (malabsorbsiya sindromu) ilə müşahidə edilən mədə-bağırsaq xəst-ri (xroniki mədə bağırsaq xəstəlikləri zamanı çoxsaylı damar fəsadları məhz bununla izah edilir; həmçinin B12 vitamininin mənimsənilməsi pozulduqda xəstə anemiyadan çox insult və infarkt təhlükəsi ilə üzbəüz qalır) - böyrək patologiyaları olduqda - zərərli vərdişlərə meyilli insanlarda (narkotik, alkoqol, kofe.....)
Yaş artdıqca HS-nin səviyyəsi tədricən yüksəlir: bu böyrəklərin funksiyasının yaşla əlaqəli zəifləməsi ilə bağlıdır.

Səbəbindən asılı olaraq müvafiq müalicə strategiyası qurulur (məs., böyrək xəstəlikləri zamanı böyrəklərin müalicəsi və s.). Lakin bir çox hallarda HS səviyyəsinin yüksək olması məhz
B6-B12-fol t-su çatışmazlığı ilə əlaqəli olur; yaşıl yarpaqlı tərəvəzlərin, meyvələrin geniş istifadəsi, B qrup vitaminlərin müvafiq dozada qəbulu, qırmızı ət və ondan hazırlanmış məmulatların məhdudlaşdırılması çoxsaylı problem və fəsadlardan azad edə bilər. Normal göstəricilər: qadınlarda—5-12 mkmol/l, kişilərdə---5-15 mkmol/l.

Fol turşusu, vitamin B12, yod tərkibli FOLİO preparatı bu problemin həllində əhəmiyyətlidir.
İstifadə qaydası – 1 tablet gündə 1 dəfə yemək zamanı

ƏKS-GÖSTƏRİŞ:

- komponentlərə qarşı individual dözümsüzlük;
- Qreyvs xəstəliyi (Bazedov xəstəliyi) – tireotoksikoz.