"İnfarkt əlamətləri ilə gələnlər mütləq koronavirusdan yoxlanmalıdır"- Almaniyada çalışan azərbaycanlı həkim

  • 2020.04.01 17:59
  • 2177 Baxış
"İnfarkt əlamətləri ilə gələnlər mütləq koronavirusdan yoxlanmalıdır" - Almaniyada çalışan azərbaycanlı həkim

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev virusun ürəyə təsirinin sübut olunduğunu deyir.

Medicina.az həkimin reporta istinadən açıqlamasını təqdim edir:


"İlk öncə onu qeyd edim ki, son günlər həqiqətən tibb elminə COVID-19 ilə bağlı məlum olmayan məsələlərə Almaniyada aparılan elmi araşdırmalar kifayət qədər aydınlıq gətirib. Belə ki, artıq bu virusun ikincili yoluxma faizi Almaniyada elm adamlarına dəqiq məlumdur və bu faiz onu göstərir ki, məsələn əgər bir adam çinli bir virusdaşıyıcısından virusa yoluxarsa həmin yoluxan adam özünün görüşdüyü şəxslərin 10%-ni virusa yoluxdurur. Bu elmi araşdırma zamanı daha maraqlı məqam isə bir yeməkxanada arxa-arxaya oturan iki şəxsdən birinin o birisini yoluxdurmasıdır. Bu da artıq bizə elmi əsas verir ki, tam əminliklə virusun müəyyən hava axınında hərəkət etməsini təsdiqləyək.

Düşünürəm ki, artıq bir neçə saat və ya gündən (ölkələrdən asılı olaraq) sonra böyük elmi diskusiyalar bu barədə başlamalıdır.

Belə ki, Uhanda (Zhongnan Hospital of Wuhan University) olan xəstələrin 20%-nin birbaşa ürək şikayətləri ilə həkimə müraciət etmələri və bu xəstələrin də ürəyinin miokardında (ürək əzələsində) müvafiq dəyişikliklərin olduğu artıq sübut edildi. Özü də heç bir ağciyər xəstəliyinin simptomatikası olmadan! Eyni xəstəlik gedişatı İtaliyada da müşahidə edildiyinə görə indi virusun birbaşa ürəyə də təsir etməsi ilə bağlı sual ortaya çıxdı.

Bu da ona əsas verir ki, gizli ürək infarktı simptomları ilə gələn xəstəyə COVID-19 testi olunması tövsiyə olunur və həkimlər bunu artıq mütləq nəzərə almalıdırlar".