İntellektli adamlar necə manyaka çevrilir? – TİBBİ İZAH

  • 11 Yan 2020 12:25
  • 7661 Baxış
İntellektli adamlar necə manyaka çevrilir? –   TİBBİ İZAH
Beyindəki dəyişikliklər, şəxsiyyəti də dəyişir.

Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı cəmiyyətdə dərin bir sarsıntı müşahidə olunur. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif versiyalar, ittihamlar səsləndirilir. Həbs olunan, hadisəni törətdiyi iddia olunan 1973-cü il təvəllüdlü, N.Quliyevanın qonşusu İlkin Süleymanovun edam olunması istəyi ilə bağlı kampaniya başlayıb. Bir qisim isə onun Rusiyanın ən nüfuzlu universitetində təhsil almasını, iki-üç dil bilməsini, bir sözlə intellektual biri olmasını əsas götürüb, belə bir hadisəni törətməsinin mümkün olmadığını bildirilər.

Tarixdə isə intellektli şəxslərin ağır cinayətlər törətməsi faktlarına dəfələrlə rast gəlinib.

Medicina.az belə faktlardan birini və bunun tibbi izahını təqdim edir:

Beynimizdəki dəyişikliklər nələr yaşadığımızı və necə biri olduğumuzu əks etdirir. Bəs beyin bir xəstəlik, ya da zədə nəticəsində dəyişikliyə uğrasa? Bu, kimliyimizi, şəxsiyyətimizi, ya da davranışlarımızı dəyişdirərmi?

1 avqust 1966-cı ildə 25 yaşlı Çarlz Uitmen Ostindəki Texas Universitetində gözlənilmədən, heç bir səbəb olmadan insanlara atəş açmağa başladı. 13 nəfər öldü, 33-ü nəfər yaralandı. Uitmenin özü də polis tərəfindən güllələndi. Hadisədən sonra qatilin evinə yollanan hüquq-mühafizə ordanlarının əməkdaşları Uitmenin bir gecə əvvəl arvadı ilə anasını da öldürdüyünü aşkarladılar.

Bu hadisədə ən çox təəccübləndirən bir fakt var idi - Çarlz Uitmenin həyatında belə bir dəhşəti törədə biləcəyinə dair ehtimal yaradan hər hansı bir ipucu yox idi. O, birinci dərəcəli kəşfiyyatçı idi, bankda kassir işləyirdi və mühəndislik təhsili almışdı.


Arvadı ilə anasını öldürdükdən az sonra yazı makinasının arxasında oturub intihar məktubu hesab olunan bu sətirləri yazmışdı:

“Özümü bu günlərdə tam olaraq anlaya bilmirəm. Ağlı başında və dərrakəli bir gənc olaraq tanınıram. Amma son zamanlar (nə zamandan başladığını xatırlaya bilmirəm) qeyri-adi və məntiqsiz düşüncələrin qurbanı olmuşam... Ölümümdən sonra hər hansı bir fiziki pozğunluq olub-olmadığını təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsini istəyirəm”.

Uitmenin istəyi yerinə yetirildi və autopsiya zamanı onda kiçik bir beyin törəməsi aşkarlandı. Kiçik bir qəpik böyüklüyündəki törəmə qorxu və təcavüzlə bağlı bir nahiyə olan “badamvari cisim”ə (Badamvari cisim ‒ (lat. corpus amugdaloideum) beyinin badam formasında olan xarakterik nahiyəsi) təsir etmək üzrə idi. “Badamvari cism”in məruz qaldığı bu kiçik təzyiq belə Uitmenin beynində bir sıra reaksiyaya yol açmağa bəs etmişdi və nəticə etibarilə, normal halda qeyri-adi sayılacaq bir çox davranışlar sərgiləməsinə gətirib çıxarmışdı. Yəni, dəyişikliyə uğrayan beyin maddəsi Uitmenin şəxsiyyətini də dəyişdirmişdi.

Əlbəttə, bu, ekstremal bir nümunə olsa da, miqyasına görə dramatik olmayan zehni dəyişikliklərin belə sizi siz edən tənzimləmələrdə ciddi rol oynaya bildiyi bir həqiqətdir. Orqanizmlər üçün xarakterik olmayan maddələr və ya alkoqoldan istifadə buna nümunədir. Başqa bir misal, bəzi epilepsiya formaları insanları daha dindar hala gətirə bilər. Parkinson xəstələrinin inanclarını itirməsi tez-tez rast gəlinən bir hal olduğu halda, parkinsonizmin müalicəsi üçün verilən dərmanların xəstələri qumar aludəçisinə çevirə bildiyi də məlumdur. Üstəlik, bizi dəyişdirən yalnız xəstəlik və ya kimyəvi maddələr deyil: izlədiyimiz filmlərdən çalışdığımız işlərə qədər hər şey neyron şəbəkəsinin davamlı olaraq yenidən formalaşdırılmasına yardım edir. Elə isə siz tam olaraq kimsiniz? Bu “tikilinin” dərinliklərində, mərkəzdə duran biri varmı?”

Devid İqlmanın “Beyin sənin hekayən” əsəri
Kitabın tərcüməçisi: Zahir Məlikli
Qanun nəşriyyatı


X