Qızmar havalar ürək-damar xəstəlikləri olan insanlar üçün həyati təhlükə yaradır. Risk qrupundakı şəxslər xüsusilə günün ən isti saatlarında çölə çıxmaqdan çəkinməli və maye qəbuluna diqqət yetirməlidirlər.
Medicina.az xəbər verir ki, türkiyəli kardioloq Prof. Dr. Muhammet Hulusi Satılmışoğlu bildirib ki, əvvəllər infarkt keçirmiş, bypass əməliyyatı keçirmiş, stent qoydurmuş və hipertoniyası olanlar daha çox risk altındadır:
"İstilik dalğaları ilə əlaqəli ölümlərin böyük bir hissəsi ürək-damar xəstəliklərindən qaynaqlanır. Həddindən artıq yorğunluq, sinədə sıxılma, həddindən artıq tərləmə və çaşqınlıq ciddi xəbərdarlıq əlamətləridir. Bu simptomlar müşahidə olunarsa, dərhal ən yaxın səhiyyə müəssisəsinə müraciət etməlisiniz."
Professor Satılmışoğlu isti havalarda nəzərə alınmalı məqamları sadalayıb:
"Kifayət qədər maye qəbul etmək, təzə tərəvəz və meyvələrlə elektrolit balansını qorumaq, ağır fiziki fəaliyyətdən çəkinmək və xüsusən də saat 9:00-dan 16:00-dək mümkün qədər çölə çıxmaqdan çəkinmək vacibdir".
Bayram dövrlərində gündəlik iş rejimindəki dəyişikliklər, yuxusuzluq, stress, susuzlaşma və ağır qidalanma vərdişləri ürək ritminə mənfi təsir göstərə bilər.
Kardiologiya və Daxili Xəstəliklər üzrə Mütəxəssis Prof. Dr. Nevrez Koylan bunu "Bayram Ürək Sindromu" kimi təyin edir:
"Ən çox rast gəlinən aritmiya ürəyin nizamsız və tez-tez sürətlə döyünməsinə səbəb olan 'qulaqcıq fibrillyasiyasıdır. Soyuq tərləmə, uzun müddətli ürək döyüntüsü, sinə ağrısı və ya huşunu itirmə hiss edirsinizsə, dərhal tibbi yardım almalısınız."
Çox vaxt qarşısı alına bilən 'Bayram Ürək Sindromu' ilə bağlı Prof. Dr. Koylan aşağıdakı tövsiyələri verdi:
"Bu sindrom yalnız yaşlı və ya ürək xəstəliyi olan insanlarda deyil, həm də əvvəllər heç vaxt ürək problemi olmayan insanlarda da baş verə bilər. Riski azaltmaq üçün kifayət qədər su içmək, müntəzəm yuxu almaq və həddindən artıq kofein və enerji içkilərindən çəkinmək vacibdir. Həmçinin ağır və yağlı yeməklər əvəzinə balanslı qidalanmaq və həddindən artıq isti havada intensiv fiziki fəaliyyəti məhdudlaşdırmaq lazımdır."
Aygün
Medicina.az