İtaliyada komendant saatı və qadağalar tətbiq edilir

  • 2020.11.04 13:27
  • 1655 Baxış
İtaliyada komendant saatı və qadağalar tətbiq edilir

İtaliyada yeni növ koronavirusa yoluxma sayında müşahidə edilən artım səbəbindən yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə qərar verilib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, İtaliyanın Baş naziri Cüzeppe Konte bir sıra əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə müvafiq fərman imzalayıb.

Belə ki, sabahdan etibarən saat 22:00-dan sonra evdən üzrlü səbəb olmadan çıxmaq qadağan olunacaq. Üstəlik, həftə sonları və bayram günlərində ölkədə ticarət mərkəzləri bağlanacaq, muzey və sərgilər işləməyəcək. Məktəblərdə yuxarı siniflər, eləcə də liseylər tamamilə distant təhsilə keçirilir, nəqliyyatda sərnişin sayı ümumi tutumun 50%-dən çox olmamalıdır. Məktəblərdə aşağı siniflərdə hətta dərs vaxtı da qoruyucu maskaların geyinilməsi icbari olacaq.

Hökumət həmçinin milli ərazinin üç risk zonasına (yüksək, orta və mülayim) bölünməsini tətbiq edəcək. Onlarda bir sıra parametrlərdən – koronavirusa yoluxmuş xəstələrin sayı və koronavirusun yayılma əmsalı kimi xüsusiyyətlərdən asılı olaraq karantin rejimi daha da sərtləşdiriləcək.

Qeyd edək ki, son həftələrdə İtaliyada yoluxmuş insanların sayı xeyli artıb. Ölkədə, təxminən, 760 min nəfər yoluxub və təxminən 39,5 min nəfər COVID-19 qurbanı olub.