Həkimlər kababın xərçəngə səbəb olub-olmadığını araşdırıblar.
Medicina.az xəbər verir ki, ABŞ-ın Minnesota Universitetinin alimləri bu suala cavab veriblər. Onların araşdırması bir daha təsdiqləyib ki, qidada çoxlu ət olmamalıdır.
ABŞ mütəxəssislərinin fikrincə, ətin açıq alovda bişirilməsi gələcəkdə xərçənglə əlaqəli ola bilər.
Tədqiqat göstərib ki, ət bişirildikdə açıq alovun son dərəcə yüksək temperaturu xərçəngə səbəb ola biləcək kimyəvi maddələr əmələ gətirir. Bu maddələr - heterosiklik aromatik aminlər və polisiklik aromatik karbohidrogenlər - xüsusilə yaxşı bişmiş ətdə ifraz olunur.
Mütəxəssislər bu komponentlərin DNT-də dəyişikliklərə səbəb olduğunu və nəticədə xərçəngə səbəb olduğunu müəyyən ediblər.
"Yüksək bişirmə temperaturu ətdə kanserogen kimyəvi maddələrin əmələ gəlməsinə səbəb olur. Testlər göstərib ki, onların təsiri prostat hüceyrələrinin bütövlüyünü pozaraq prostat xərçənginə səbəb ola bilər".
Ət istehlakının xərçəng riskinin yüksək olması ilə əlaqələndirilməsi ilk dəfə deyil. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin məlumatına görə, dünyada 34.000-dən çox xərçəng ölümü həddindən artıq miqdarda emal olunmuş ət istehlakı ilə əlaqələndirilir.
Eyni zamanda, yeni tədqiqatın müəllifləri qeyd ediblər ki, ət istehlakı ilə əlaqəli təhlükələr ondan tamamilə imtina etmək demək deyil. Həkimlər ət istehlakına nəzarət etməyə çağırıblar, imtina etməyə yox.
Xatırladaq ki, Kanadada alimlər kabab üçün istifadə edilən otlar və ədviyyatlarda olan antioksidantların katarakt, ürək-damar xəstəlikləri, insult, artrit və xərçəng də daxil olmaqla yaşla əlaqəli xəstəliklərin inkişafı ilə mübarizə apardığı qənaətinə gəliblər.
Aygün Musayeva