Kifoz – gizli başlayır, böyük fəsadlar verir

  • 2018.03.05 19:04
  • 106701 Baxış
Kifoz – gizli başlayır, böyük fəsadlar verir
Kürəyin və qamətin istənilən pozulması bütün orqanizmin quruluşu və işinə təsir edir. Onurğanın əyilməsi ürək, ağciyər, mədə-bağırsaq sistemini dəyişir. Yaş artdıqca qaməti və kürəyi düzəltmək çətinləşir. Ona görə kürəkdə, onurğada istənilən dəyişikliyi başda, erkən yaşda təyin edib, ou aradan qaldırmağa çalışmaq lazımdır. Bizim insanlar skolioz, onurğa yırtığına daha çox önəm verdiyindən, kifoz kimi xəstəliyi elə də ciddiyə almır. Hətta çoxları kifoz nədir bilmir. 


Normal qamətdə olan onurğa fizioloji olaraq əyilmələrə malikdir: lordoz və kifoz. Boyun və bel nahiyəsində bu əyilmə önə doğru qabarıq olur – bu lordozdur, döş qəfəsi və büzdümdə isə geri, içəri çəkilmiş olur- bu kifozdur. Bu quruluş imkan verir ki, dayaq-hərəkət aparatı effektiv işləsin. 

Əgər bu lazımı qədər nəzərə çarpmırsa, insanda düz kürək diaqnozu qoyulur. Belə patologiyada ayaq pəncəsinə daha çox yük düşür, oynaq ağrıları olur. 

Ona görə kifoz – fizioloji normadır, bədənin düzgün vəziyyətidir. Amma əgər kifozların forması, dərinliyi dəyişirsə, böyüyürsə, irəli doğru çıxırsa, onurğa və qamət pozulur. Skoliozdan fərqli olaraq lordoz və kifoz patologiyaları uzun müddət nəzərə çarpmır. Sonrakı mərhələdə döş qəfəsində batmalar müşahidə olunur, çiyinlər önə doğru yığılır, beldə qozbellik əlamətləri görünür. Kifoz xəstəliyi diaqnozu əyilmə küncü 30 dərəcəyə çatdıqda qoyulur. 

 


Kifozun yaranma səbəbləri:

-Qeyri-düzgün qamət, yeriş

-Rahat olmayan iş yeri

-Anadangəlmə, ana bətnində qeyri-uyğun yerləşmə

-Məktəbdə parta arxasında qeyri-düzgün oturuş

-Fiziki iş görmədikdə kürək əzələsinin zəifliyi

-Döş qəfəsində travmalar

-Ağır yük, çanta gəzdirmək

-Yaşlı adamlarda osteoporoz nəticəsində

-Raxit

-Tuberkulyoz

-Skolioz nəticəsində onurğa özünü sığortalamaq üçün kürəkdə donqarlıq yaradır

-Spondilit – onurğa sütunu iltihabı



Kifozun əlamətləri

İlk vaxtlarda uzun müddətli piyada gəzinti və işdən sonra beldə ağrılarla özünü biruzə verir. Ayaqlarda uyuşma, aşağı ətraflarda hissiyatın azalması, aşağı çanaq orqanlarında problem, durğunluq, oynaqlarda dəyişiklik. Sonrakı ağırlaşmalarında beldə, kürəkdə ağrının çoxalması, ağciyərlərə təsir  nəticəsində tənəffüsdə problemlər, bronxit, ürək-damar xəstəlikləri. Skelet və onurğanın qeyri-düzgün vəziyyəti, lordoz və kifoz yastıpəncəlilik, oynaq ağrıları, fəqərələrarası yırtıqlara səbəb olur. 3-cü dərəcəli kifozda – 50 dərəcə əyilmə qarın və döş qəfəsi daxili orqanlarının yer sürüşməsinə, sıxılmasına səbəb olur. Ona görə bu xəstələrdə qəbizlik, xolesistit, qastroduodenit, mədə-bağırsaq xəstəlikləri başlayır. Kifoz boyun şöbəsinə yaxın olduqda baş beynin qan dövranı pozulur, bu səbəbdən müntəzəm baş ağrıları, yorğunluq, diqqət yayqınlığı, qulaqlarda küy yaranır. Bu pasiyentlərdə erkən demensiya, huşsuzluq başlayır.  

 



Müalicəsi

Çox zaman konservativ və fizioterapiya ilədir. Bel üçün idman hərəkətləri və məşqlər nə qədər tez başlansa bir o qədər yaxşıdır. Lakin bu hərəkətlər həkim və trener tərəfindən tənzimlənməlidir. Xüsusən məktəbli uşaqlar bu məşğələlərə yerli poliklinikalarda cəlb olunmalıdır. Masaj və fizioprosedurlar də peşəkarlar tərəfindən olunmalıdır. Ağır hallarda, patologiya çox irəlilədikdə əməliyyat təyin olunur. 

 



Kifoz – gizli başlayır, böyük fəsadlar verir