Futbol oynayarkən və ya intensiv idman zamanı baş verən qəfil ürək dayanması çoxlarını qorxudur. Maraqlıdır ki, bunun səbəbi həmişə infarkt olmur.
⚫ Gizli ürək xəstəlikləri. Bəzi insanlar ürəyində anadangəlmə problem olduğunu bilmirlər. Güclü fiziki yük zamanı bu problemlər təhlükəli ritm pozğunluğuna səbəb ola bilər.
⚫ Ürək ritminin pozulması (aritmiya). Ürək çox sürətli və ya nizamsız döyündükdə qanı effektiv şəkildə vura bilmir və bu, qəfil ürək dayanmasına gətirib çıxara bilər.
⚫ Ürək əzələsinin iltihabı (miokardit). Virus infeksiyalarından sonra ürək əzələsi zədələnə bilər. Belə vəziyyətdə idman etmək riski artırır.
⚫ Ürək damarlarının xəstəlikləri. Xüsusilə orta və yaşlı insanlarda ürəyi qidalandıran damarlarda daralma fiziki gərginlik zamanı infarkt və ya ritm pozğunluğu yarada bilər.
⚫ Susuzlaşma və elektrolit pozğunluğu. Həddindən artıq tərləmə nəticəsində kalium və maqnezium kimi mineralların azalması ürəyin elektrik fəaliyyətinə təsir edə bilər.
Kimlər risk altındadır?
Diaqnoz qoyulmamış ürək xəstəliyi olanlar.
Ailəsində gənc yaşda qəfil ölüm olan şəxslər.
Yüksək təzyiq və ya ürək-damar xəstəlikləri olanlar.
Xəstə halda (qızdırma, virus infeksiyası zamanı) idman edənlər.
Qəfil ürək dayanması zamanı ilk dəqiqələrdə ürək-ağciyər reanimasiyası (CPR) və avtomatik xarici defibrilyatorun (AED) istifadəsi sağ qalma şansını bir neçə dəfə artıra bilər.
Aygün Musayeva