Moskva sakini donuz ətinə qarşı şiddətli allergiya səbəbindən miokard infarktı keçirib. Moskva Səhiyyə Departamenti bu barədə məlumat yayıb.
“Medicina” xəbər verir ki, kişi əti yedikdən dərhal sonra kardiogen şok keçirib.
Xəstəxanada ona "kəskin koronar sindrom, kardiogen şok" diaqnozu qoyulub, daha sonra nadir 1-ci tip Kounis sindromu olduğu aşkar edilib.
Bu sindrom allergik reaksiya nəticəsində yaranan kəskin koronar hadisə (məsələn, miokard infarktı, koronar arteriya spazmı və ya qeyri-sabit angina) kimi təsvir olunur. Lakin, şöbə qeyd edir ki, anafilaksiya və kəskin koronar sindromun kombinasiyası tibbdə olduqca nadirdir.
Diaqnozda çətinlik ondadır ki, simptomlar maskalana bilər. Lakin xəstəxanaya yerləşdirilmiş moskvalı xəstənin analizlərində serum triptaza səviyyəsinin yüksək olduğunu aşkar etdikdən sonra həkimlər səbəbi müəyyən edə biliblər.
Təcili yardım briqadası xəstənin vəziyyətini sabitləşdirmək üçün bütün səylərini göstərib və o, xəstəxanada müalicə olunub.
Aygün Musayeva