Koronavirus tam olaraq 40 günə sağalır – Bir insan 2 dəfə yoluxa bilərmi?

  • 2020.08.11 16:48
  • 8115 Baxış
Koronavirus tam olaraq 40 günə sağalır  –  Bir insan 2 dəfə yoluxa bilərmi?

Hazırda Azərbaycanda koronavirus xəstələrinin test cavabı çıxan gündən evdə özünü təcridi və çölə çıxmaq qadağası, eləcə də müalicə müddəti 14 günə endirilib. Halbuki pandemiya başlayandan bu müddət 21 -23 gün idi.

Medicina.az xəbər verir ki, koronavirus Çində yayılandan Çin alimləri virusun yoluxduruculuq qabiliyyətinin 28-31 gün, hətta bir xəstədə 53 gün belə qaldığı barədə məlumatlar təqdim etmişdilər.

Koronavirus xəstəsi öz diaqnozunu bilənə kimi daha çox aktiv yoluxdurucu olur. Test verənə kimi ötən 5 gün, cavab çıxana kimi 3 gün onun təcridini gecikdirir

Hazırda koronavirus xəstələrinin SMS icazə olmadığı bir dövrdə evdən çıxmayacağına nəzarətin olmaması bu xəstələrin istənilən yerdə qarşımıza çıxması deməkdir.

Azərbaycanda xəstələr arasında aparılan müşahidələr göstərir ki, yüngül, orta və orta ağır keçən xəstələrin optimal müalicə müddəti 21-28 gündür. Amma 50% hallarda xəstəlik bəzi simptomları ilə yoluxanı 1 ay narahat edir.

Ümumi 90% simptomların aradan qalxması və xəstənin asteniya sindromu (xəstəlikdən sonra immunitetin zəifləməsi, fiziki halsızlıq, sinir və əsəb sisteminin çöküşü, depressiv dövr) maksimum 40 gün çəkir.
Hətta pandemiya xəstəxanalarından 14 gün ərzində evə buraxılan xəstələrin evdə müalicələrini davam etdirdiyi, hələ də müxtəlif həkimlərə müraciət etməsi və özünü yaxşı hiss etməməsi barədə məlumatlar az deyil.


Xüsusən yoluxanlarda 37,3 temperaturun 1-2 ay çəkməsi barədə də məlumat vermişdik və bununla həkimlər də razılaşır.


Medicina.az sahə poliklinika terapevti və koronaviruslu xəstələrlə çalışan həkim Lalə Məmmədovadan sağalmış xəstənin yenidən virusa yoluxma riski barədə suala cavab alıb. Həkim bildirir ki, artıq ikinci dəfə yoluxmuş xəstələri var.


“Mənim sahəm üzrə bu vaxta kimi 100-dən çox xəstə içində cəmi 3 nəfərdə yenidən koronavirusa yoluxma halı qeydə alınıb.

Bu bir qədər şübhəli məqamdır. Xəstələrdən biri gec sağaldı, ola bilər heç sağalmamışdı. Müəyyən olunmuş 21 gün keçdikdən sonra, o yenidən tam sağalmadığı üçün həkimə müraciət edib və təkrar test olunub. Onda yenidən test pozitiv çıxmışdı.


Digər xəstə isə sağaldı, işə çıxdı, 10 gün sonra yenidən yoluxdu və testi pozitiv çıxdı. Amma heç bir şikayəti yox idi. Müalicə də olunmadı. Sadəcə nəzarət etdik.


Ona görə də bir dəfə yoluxanın daha bu virusa yoluxmayacağını tam demək olmaz. Onlar da hər kəs kimi qorunma tədbirlərinə davam etməlidirlər.


Biz bu barədə statistika aparırıq. Bizim özümüzə də maraqlıdır ki, xəstələr arasında yenidən yoluxma olacaq ya yox. Hazırda sahəm üzrə koronavirus keçirmiş xəstələrin siyahısı var. Soyuq payız və qış aylarında onların yenidən yoluxub yoluxmayacağını izləyəcəyik. O zaman təkrar yoluxmanın neçə faiz olması barədə fikir demək olar”.



  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb