Lənkəranda icra başçısının müavini məktəbli qızı döydü- "Uşağı evinə aparıb, başına oyun açıb"

  • 15 İyl 2022 14:29
  • 1481 Baxış
Lənkəranda icra başçısının müavini məktəbli qızı döydü-    "Uşağı evinə aparıb, başına oyun açıb"


Xəbər verdiyimiz kimi, Azərbaycanda məktəbli fiziki zorakılığa məruz qalıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat paylaşıb.


Hadisə ilə bağlı məktəblinin anası Ləman Camalova Bakupost.az -a danışıb.

O bildirib ki, hadisədən sonra qızı özünə qəsd etmək istəyib:

“Dünən səhər Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva qızımı attestat vermək adı ilə evinə çağıraraq, döyüb və fiziki zorakılıq göstərib. Əgər araşdırsanız, onun burda hansı işlərlə məşğul olduğunu görəcəksiniz. Uşağıma həm mənəvi, həm də fiziki zorakılıq edib. Uşaq çox pis vəziyyətdədir. Hətta dünən özünə qəsd etmək istəyirdi. Sadəcə, o xanımın hərəkətlərinə ad tapa bilmirəm".


Hadisənin səbəblərinə gəlincə, L. Camalova bunları dedi: "Uşaqlar 9-cu sinifdə oxuyurlar. Bütün siniflərdə olduğu kimi, bunlarda da oğlan-qız söhbətləri var. Elə olub ki, Rəsilə Əliyevanın qızı ilə başqa bir oğlan yazışıblar. Mənim qızım isə sadəcə vasitəçi olub. Buna görə həmin xanım öz uşağını da döyüb. Amma mənim uşağımı aldadıb evinə apararaq, başına oyun açıb. Əgər uşağım onun evində ölsəydi, onda necə olacaqdı? Uşağımı harada axtarmalı idim? Direktoru təqsirləndirmək fikrim yoxdur. Direktor sadəcə, hadisədən sonra gəlib. Şikayətimi geri çəkməyəcəyəm. Hadisə ilə bağlı polisə müraciət etmişik. Hələ ki araşdırma aparılır. Polisin rəyini gözləyirəm. Kəmalə Ağazadəyə də müraciət edərək, sosial mediadan bizim etiraz səsimizi çatdırmağını istəmişik”.


Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva ilə də əlaqə saxladıq. Lakin o, suallarımıza cavab vermək istəmədi və telefonu qapatdı.