MDB ölkələrinin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçiriləcək

  • 2019.06.08 13:38
  • 4479 Baxış
MDB ölkələrinin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçiriləcək
İyunun 10-da Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan ölkələrin Diabet problemləri üzrə Ekspert Şurasının iclası keçiriləcək. medicina.az xəbər verir ki, görüşün gündəliyinin layihəsində 9 məsələ var. Şura üzvləri 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi üzrə Əməkdaşlıq Proqramının icrasının gedişini müzakirə edəcək, 2021-2025-ci illər üçün analoji proqram layihəsinə dair təklifləri nəzərdən keçirəcəklər. Bundan əlavə, Ekspert Şurası şəkərli diabet xəstəliyinə tutulma hallarının artmasına qarşı mübarizədə MDB ölkələrinin əməkdaşlığına dair 14 noyabr 2008-ci il tarixli Sazişin aktuallaşması məsələsini nəzərdən keçirmək, bir sıra başqa məsələləri müzakirə etmək niyyətindədir. Şəkərli diabet ürəyin işemiya xəstəliyinin və miokard infarktının inkişaf etməsi riskini iki dəfə, böyrəklərin patologiyası riskini 17 dəfə, aşağı ətrafların qanqrenası riskini 20 dəfə, arterial hipertenziya riskini 3 dəfə artırır. Kor olmanın səbəbləri arasında birinci yeri diabet tutur. Gözdən əlil şəxslərin yarısından çoxu bu xəstəlikdən əziyyət çəkir. Hər il 4 milyondan çox insan diabetin fəsadları ucbatından dünyasını dəyişir. Ölümlə nəticələnmə göstəricisinə görə şəkərli diabet ürək-damar xəstəliklərindən və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.