Məktəbli qəbiristanlıqda distant təhsil almalı oldu - İnternetə görə

  • 2020.10.11 10:24
  • 3525 Baxış
Məktəbli qəbiristanlıqda distant təhsil almalı oldu  - İnternetə görə

ABŞ-ın Kolorado ştatında məktəbli evdə internetin zəif olması səbəbindən qəbiristanlıqda distant təhsil almaq məcburiyyətində qalıb.

“The LadBible” yazır ki, “Zoom” proqramına qoşula bilmək və distant təhsildən yayınmamaq üçün bu, yeganə çıxış yolu olub.

15 yaşlı Karmelita Raelin valideynləri ilə təpələrin əhatəsində olan bir evdə yaşayır və bu səbəbdən də evdə sürətli internetin təmin oluna bilməsi qeyri-mümkündür. Bununla yanaşı, ərazidə mobil rabitə də olduqca pis tutur.

Karmelitanın anası məktəb direktorudur, o, peyk vasitəsilə internetdən yararlanır. Amma küləkli və ya yağışlı hava şəraitində internetlə əlaqə itir. Ərazidə internetlə əlaqənin yaxşı olduğu yeganə məkan isə yerli qəbiristanlıqdır. Məktəbli karantin müddətində məktəblər bağlı olduğundan distant təhsil almaq üçün oraya getməli olur.

Sentennial ərazi üzrə məktəbin direktoru Tobi Melster bölgədəki bir çox məktəblinin distant təhsil almaq imkanının olmadığını qeyd edib. Səlahiyyət sahiblərinin onlara təhsil proqramlarını təmin etmək məqsədilə qrantlar yolu ilə pulsuz noutbuklar vermələrinə baxmayaraq, uşaqlar hələ də internetdən faydalana bilmirlər. Ərazi üzrə internet rabitə qülləsinin quraşdırılması isə təxminən 1,5 milyon dollar vəsait tələb edir.