"Mesajım sənə son hədiyyəm olsun..." - Məşhur həkimdən koronavirusdan ölən jurnalistə vida

  • 2020.07.28 18:13
  • 6494 Baxış
"Mesajım sənə son hədiyyəm olsun..."  - Məşhur həkimdən koronavirusdan ölən jurnalistə vida
"15 il idi həmişə Sən yazırdın məndən, indi isə ilk dəfə mən yazıram Səndən, dəyərli insan..."

Medicina.az-ın məlumatına görə, bunu millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudov koronavirusun qurbanı olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu barəsində yazıb.

Həkim yazır:

"2005-ci ildə bölgələrdə ilk "açıq ürək əməliyyatları humanitar aksiyası"na start verərkən mətbuat xidmətinin rəisi kimi tanıdım Səni. Həyatımda ilk dəfə Sənin uzatdığın mikrofona titrək və həyəcanlı səsimlə müsahibə vermişdim. İlk dəfə Sən duymuşdun sənətim və vətənimlə qürur keçirdiyim o anları. Naxçıvan, Lənkəran, Cəlilabad, Gəncə, Qəbələ, Şamaxı, Zaqatala, Ağdam,.. minlərcə ürək, on minlərcə sevinc, milyonlarca qürur hissi, "Qızıl Çınar"... həmişə sən vardın yanıbaşımda. Ötən 15 il...

Həssazlığın, diqqətin, təmənnasızlığın, sənətinə, vətəninə, dövlətinə və onun rəhbərinə qarşı olan sevgin, mənə qarşı olan məhəbbətin nə qədərdə gözəl idi, əziz dost... amma Sənə kömək edə bilmədiyim üçün məni bagışla...

Bilirəm ki, Əmrah Fəqanoğlu, Sən tarixə "mətbuatımızın 2020-ci il şəhidləri" sırasına qatıldın artıq! Sən mətbuat tariximizdə sadə, ləyaqətli, peşəsinə və sənətinə sadiq jurnalist kimi yaddaşlara həkk oldun artıq! Sən gecə-gündüz demədən 5 aydır mübarizə aparan ölkə mətbuat işcilərinin fədakarlıqlarının simvolusan artıq! Sən, sən, sən artıq!..

Rahat yat, əziz insan!

Feysbukda paylaşdığın 17 yaşlı tələbə qardaşın, günəş üzlü anan, polad əzəmətli atanın yanındasan artıq!

Ruhun şad olsun!

Çox hörmətli mətbuat nümayəndələri, başınız sağ olsun! Vətən var olsun!

PS: 22 iyulda “Milli Mətbuat Günü”ndə çox böyük ümidlərlə göndərdiyim mesajım Sənə son hədiyyəm olsun..."

Qeyd edək ki, Ə.Fəqanoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub.
“Avrasiya” və “İki sahil” qəzetlərində müxbir, şöbə müdiri, uzun müddət SOCAR-ın Sosial İnkişaf İdarəsində mətbuat xidmətinin rəisi kimi çalışıb. İki il Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri olub. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) birləşdiriləndən sonra nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini təyin edilib.ƏƏSMN-nin rəsmi orqanı olan “Sosial həyat” jurnalının baş redaktor müavini kimi də fəaliyyət göstərib.

2018-ci ilin avqustunda İctimai Televiziyada fəaliyyətə başlamışdı. Son günlərədək İTV-də çalışırdı.

Ə.Fəqanoğlu "Media açarı" mükafatı laureatıdır. Mərhum jurnalist “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı kitabların müəllifidir.

Jurnalist bu gün koronavirusdan müalicə edildiyi "Yeni klinika"da dünyasını dəyişib.
Allah rəhmət eləsin..