Metro və avtobuslarda maska taxın - TƏBİB rəsmisi

  • 2022.09.17 13:20
  • 540 Baxış
Metro və avtobuslarda maska taxın   -  TƏBİB rəsmisi



Azərbaycanda yeni tədris ilinin başlanması səbəbindən ictimai nəqliyyatda sıxlıq müşahidə edilir.

Son günlər metro və avtobuslarda yaranan basabas koronavirusa yoluxma riskini yenidən artırır. Hazırda ölkədə epidemioloji vəziyyət nisbətən sabit olsa da, payızda yoluxma hallarının artması istisna edilmir.

"Medicina" xəbər verir ki, Modern.az-a danışan TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, avtobus və metrolarda sıxlığın olması, bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların tibbi maska taxmaması virusun geniş yayılmasına zəmin yaradır.

Həkim vurğulayıb ki, dövlət qurumları ictimai nəqliyyatda müşahidə edilən sıxlığın aradan qaldırılması üçün müvafiq addımlar atmalıdırlar.

Qapalı yerlərdə tibbi maska tələbinin yenidən tətbiqinə gəlincə, TƏBİB nümayəndəsi hazırda bu məsələnin gündəmdə olmadığını söyləyib.

Bundan əlavə, Vasif Əliyev vətəndaşları ictimai nəqliyyatda virusdan qorunmaq üçün maska taxmağa çağırıb:

“Hazırkı vəziyyətlə əlaqədar maskadan məcburi istifadənin yenidən tətbiq ediləcəyini düşünmürəm. Əlbəttə, yoluxma sayında artım olacağı təqdirdə belə qərar qəbul edilə bilər. Təbii ki, yoluxma sayının artmaması üçün vətəndaşlar ehtiyatlı davransınlar. Yaxşı olar ki, ictimai nəqliyyatda mümkün qədər tibbi maskadan istifadə edilsin”.